ƏHMƏD CAVAD - 130

ƏHMƏD CAVAD - 130

ƏHMƏD CAVAD - 130  


İstiqlal şairinin yaradıcılığında bahar motivləri
(1-ci yazı)

 

Azərbaycan ədəbiyyatına özünün bənzərsiz istiqlal ruhlu şeirləri ilə çox dəyərli töhfələr verən Türk dünyasının unudulmaz şairi Əhməd Cavadın məhsuldar qələmi xalqımızın qədim tarixə malik folkor ənənələrindən də yan keçməmişdir. İstiqlal şairininyaratdığı zəngin yaradıcılıq nümunələrindən biri sayılan “Etnoqrafik etüdlər-Novruz şeirləri” ədəbiyyatımızda mifoloji bədii boyalarla poetik təsvirini tapmış xüsusi bir tədqiqat mövzusudur. Eyni zamandaƏhməd Cavadın 1920-1921-ci illərdə Qusarda müəllimlik etdiyi dönəmdə qələmə aldığı “Çillə şərqisi”, “Yaza xitab”, “Böyük çillə”, “Kiçik çillə”, “Xıdır Nəbi”, “Yel baba”, “Qarının borcu”, “Boz ay” bölümlərindən ibarət bu kiçik mənzum əsər Azərbaycan folklorunun bütün özəlliklərini, eləcə də xalqımızın qədim bayram adətlərini özündə əks etdirən onun etnoqrafik ənənələrə sığınan mənəvi dünyagörüşünün təcəssümüdür.

 

Qabağı yazdır çillənin,
Ömrü azdır çillənin.
Yer bürünür ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı qış gedir,
Al bayraqlı yaz gəlir.
Nağılçılar xoş gedir,
Ozan, aşıq, saz gəlir!

 

Əsərdə çillələrin amansız, sərt üzü, baharın vəsfi, Novruzun gəlişi, qədim çərşənbə ənənələri tərif olunur.. Novruza qədərki dövrdə keçirilən qədim xalq mərasimləri, ayinlər poetik bədii çalarlarla ifadə etdirilir. Hər şey öncə çillədən başlayır. Azərbaycan mifologiyasında çillələr xarakterik cəhətdən havaların kəskin soyuması, sərt, amansız, əzablı, əziyyətli, çətin günlərin başlanması anlamını verir. Belə ki, çillələr Novruza qədərki mərhələnin başlanğıcı hesab edilir. Sanki yaza qovuşmaq uğrunda böyük, şiddətli çarpışma və mübarizə gedir.
Böyük çillənin payına 40 gün, kiçik çillənin payına isə 20 gün düşür. Çillələr öz ömrünü sürüb, dövranını başa vurana kimi təbiətdə hər cür fitnə-fəsad törədir, bağçalara, bağlara ağ yorğandan örtük salaraq, sanki əlinə qılınc götürüb aləmi qırıb-çatır.

 

Onun ömrü qırx gündür,
Payızın davamıdır.
Uzun qış əyyamıdır...
Qar səpir asta-asta,
Gülür tanışa, dosta.
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi.

 

Bəzən böyük çillənin sürdüyü şaxtalı, şiddətli dönəm qışın oğlan çağı kimi də mənalandırılır.
Əhməd Cavadın təsvirində böyük çillə “böyük qardaş” kimi, kiçik çillə isə “kiçik qardaş” kimi qələmə verilir. Belə ki, “böyük qardaş” ömrünü başa vurandan sonra yerini “kiçik qardaşa” verib qeybə çəkilir. Qeyd edək ki, böyük qardaşın hiddəti kiçik qardaşın hiddətinə nisbətən az olur.
Böyük tufan başlayır,
Böyük qardaş gedən tək.
Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək,-
Vıyıldayır küləklər
Budaqları əyərək.
Küçə, bayır görünmür,
Aynalar naxış olur.
Heç bilmirsən, haradan,
Otağa soyuq dolur.
Kiçik qardaş zalım olur
Böyük qardaşdan yüz yol.
Başını da qaldırmır
Nə bir ağac, nə bir kol.

 

Kiçik çillə ömrünü sürdüyü 20 gün müddətində təbiətdə hər nə varsa dondurub sanki taxtaya döndərir. Ta ki Xıdır Nəbi gəlib özünü yetirənəcən...
Azərbaycan qədim mifologiyasında Xıdır Nəbi haqqında müxtəlif rəvayətlər mövcuddur. Xıdır Nəbi mifik obrazı xarakterik cəhətdən günəşli, aydın, xoş günlərin müjdəçisi kimi səciyyələndirilir. Xıdır Nəbi bayramında bağçalarda ağacların dibi bellənir, həyət, baca sahmana salınıb, çör-çöpdən təmizlənir, evlərdə səməni halvası bişirilir, qovurğa qovurulur.

 

Xıdır Nəbi bölərək
Az ömürlü çilləni,
Çırpır onun üzünə
Tərsinə bir silləni.
Deyir on gün bəsindir,
Qırıb-çatdın aləmi,
Sən qonaqsan, dünyanı
Dağıdarlar beləmi?
Qalan on gün mənimdir
Hər şey dönüb taxtaya.
Hansı canlı tab edər
Bu küləyə, şaxtaya?

 

Əsərdə Xıdır Nəbi mifik obrazı ilə yanaşı “Qarı nənə” mifik obrazının təsviri da diqqət çəkən məqamlardandır. Qışın qar kürkünü tullayaraq arxasınca qara daş atan Qarı nənə oğlaqlarının yaza çıxması üçün sevinc hissləri keçirir. Lakin qış geri qayıdaraq Qarı nənəyə daha da sərt üzünü göstərməklə ona ibrət olsun deyə şaxta, boran, çovğun salıb, bir tufan qoparır ki, gəl görəsən. Sən demə, fitnəli, fəsadlı qış “qəlbi təmiz gözəl yazdan” üç gün möhlət istəyibmiş. Çöldə otlayan oğlaqlar qışın fitnə-fəsadına tab gətirə bilməyib tələf olurlar. Qarı nənə yaz yolunda şəhid olmuş oğlaqları üçün göz yaşı tökərək, qışı acı-acı məzəmmət etməyə başlayır. Qışın fitnə-fəsad törətdiyi günlər müddətində çölə çıxmayan Keçi Qarı nənə ağladıqca onu qəm çəkməyə qoymayıb, “Qış üç oylaq apardısa, mən üç oylaq verəcəyəm”- deyə vəd edir. Beləliklə,qış ömrünü başa vurur, şaxtalı günlər yavaş-yavaş sovuşur, oğlaqlar yenidən yaza çıxır, Qarı nənə istəyinə çatır. Boz ayın dövranı yetişir. Günlərini sürməyə başlayır. Payına düşən 28 və ya 29 gün müddətində Əhməd Cavadın özü demişkən: “Gah qızarır, gah bozarır, gah bozarır, gah qızarır”, min cür rəngə çalır. Xıdır Nəbinin ardınca boz ay özüylə 4 təbiət ünsürünün təmsilçisi sayılan çərşənbələri gətirir. Su, od, yel, torpaq. Belə ki, çayların buzu əriyir, novruzgülü qarlı yorğan altından yavaş-yavaş baş qaldırıb, dirçəlməyə doğru can atır. Torpaq oyanıb, nəfəs alaraq dinclik tapır.. Ağaclar tumurcuqlayıb, çiçək açır. Nəhayət, ellər qışın qar kürkünü çıxararaq allı-güllü yaza qovuşur.

 

Əsərdə həmçinin Novruz çərşənbələri hər biri ayrı-ayrılıqda şair qələminin dolğun ifadə tərzinin rəngarəngliyi ilə əks etdirilir. Xalqımızın qədim və sevimli bayramı Novruz yurdumuza dörd çərşənbənin gəlişi ilə mübarək qədəmini qoyur. Ən maraqlı və vacib məqam bundan ibarətdir ki, Novruz çərşənbələri şairin təsvirində baharın, yeni ilin gəlişinə işarə etdiyi “Yenicə gün” ifadəsi poetikasının dili ilə “Dördatlı Yencə gün” kimi oxunur:

 

Minib dörd atını, çapır dördnala,
Düzlərdən, çöllərdən gəlir Yenicə gün!
Yelqanadlı, odürəkli, suüzlü,
Yolların bağrını dəlir, Yenicə gün!

 

İl boyu şaxtaya, qara, çovğuna sinə gərən, çillələrin hər cür kəskin, sərt üzünü görən, təravətli yaz gəlib özünü yetirir. Gəlişiylə hər bir ailəyə sevinc, bol, bol ruzi, xeyir, bərəkət bəxş edir.
Hər yandan xoş avaz gəlir,
Sular deyir: Yaz.., yaz gəlir! – ifadəsiylə şair yazın gəlişini suların coşqun nəğməsində duyur.
Bütün bunlardan əlavə şairin körpə fidanlara ithaf etdiyi “Balalarıma” şeirində baharın gəlişindən fərəh duyaraq onlara göz aydınlığı verir:

 

Aydın olsun gözləriniz,
Gəldi bahar gülə-gülə!
Gedər qışdan qalmaz bir iz,
Gəldi bahar gülə-gülə!
Oldu bahar gülə-gülə!

 

Bahar təbiətli şair körpələri əl-ələ verərək Novruzun pişvazına çıxmağa səsləyir.

 

Çal qış! Buyur, uğur olsun,
Qır saçını cinlər yolsun!
Gəl, ay Durna, gəl, ay Dursun;
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!

 

Əhməd Cavadın etnoqrafik şərqiləri körpə balaların Novruz şənliklərində onların sevincinə səbəb olan, ənənəvi və sevimli deyimlərinə çevrilmişdir.

 

1930-cu illərdə Sovet Azərbaycanında xalqımızın milli, qədim adət-ənənələrini özündə əks etdirən Novruz bayramının keçirilməsi kommunistlər tərəfindən qadağan edilsə də, Əhməd Cavad hər il özü ailəsi ilə birgə Ata yurdu Şəmkirdə bu bayramı təmtəraqla qeyd edərmiş. Belə ki, Novruz günlərində qohum-əqrabasını ziyarətə gedər vəbayram ənənələrinə əsasən yumurta döyüşdürərmiş. Şəkərbura, paxlava, qoğal isə Ə. Cavad ailəsinin süfrəsinin ən ləziz şirniyyatı sayılmaqla yanaşı, hər ilin Novruz günlərində bir sıra bayram təamları ilə yanaşı bu ailənin evindən əksik olmazmış.
Azərbaycan ədəbiyyatı tarixində Əhməd Cavad qədər Novruz adət-ənənələrini bədii boyalarla aydın, mükəmməl, axıcı tərzdə ifadə edən olmayıb. Həmçinin nəsildən-nəsilə köçərək el yaddaşından süzülüb gələn çərşənbə ənənələri şairin poetikasında yüksək ustalıqla tərənnüm edilmişdir. Bu səbəbdən də şairin xalq folklor nümunələrindən bəhrələndiyi əsrarəngiz qələminin, mənəvi duyumunun, bədii təfəkkürünün məhsulu sayılan zəngin etnoqrafik etüdləri öz təravətini itirmədən gələcək nəsillərin yaddaşında zaman-zaman yaşayacaqdır.

Sevinc ƏDALƏTQIZI,
tədqiqatçı, publisist


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020