Adil Əliyev: "Heydər Əliyev Azərbaycanlıların Soyqırımı Gününü təsis etməklə tarixi yaddaşımızın institutlaşmasının özülünü qoymuşdur"
Bu xəbəri paylaş
Ulu öndər, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-cı il tarixli fərmanı ilə 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi Azərbaycan xalqının tarixi yaddaşının institutlaşmasına xidmət edən mühüm addım olmuşdur. 70 illik sovet dönəmində və digər dövrlərdə tariximizin təhrif edilməsinə yönəlmiş hərəkətlər tarixi yaddaşımıza qarşı edilmiş qəsd xarakteri daşımış, xalqımızı xüsusən də yeni, gənc nəsillərin tarixi hadisələr barədə düzgün biliyə sahib olmasına və tarixi həqiqətləri öyrənməsinə əngəl törətmişdir. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilməsinin mühüm xüsusiyyətlərindən biri onun təkcə 1918-ci ilin mart soyqırımını deyil, eyni zamanda xalqımızın məruz qaldığı bütün soyqırımı və faciələri anmaq məqsədi daşımasıdır.
Bu soyqırımı və faciələrin çoxu həm də azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyası ilə müşayiət olunmuşdur. Buna ən bariz nümunələrdən biri yaxın tariximizdə baş vermiş Xocalı soyqırımıdır. O zaman həm yüzlərlə həmvətənimiz qətlə yetirildi, həm də minlərlə Xocalı sakini doğma torpaqlarından zorla qovuldular. Qeyd edilməlidir ki, 1918-ci ilin mart qırğınları, həm də 1992-ci ildəki Xocalı soyqırımı arasında bir sıra paralellər var, yəni tarix təkrar olunur. Mart qırğınlarını erməni daşnak dəstələri bolşeviklərin dəstəyi ilə həyata keçirmişdilər. Analoji olaraq, Xocalı soyqırımını da erməni silahlı dəstələri keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə törətmişdir. Azərbaycanlıların Soyqırımı Gününün təsisi bizə tarixi yaddaşımızı saxlayaraq gələcəkdə baş verə biləcək məkrli planlardan və faciələrdən qorunmağa kömək edəcək.
Yeri gəlmişkən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44-günlük Vətən müharibəsində düşmənə vurduğumuz sarsıdıcı zərbə və möhtəşəm zəfərimiz azərbaycanlılara qarşı törədilmiş soyqırımı və faciələrə ləyaqətli cavab oldu.
Ümummilli lider Heydər Əliyevin yuxarıda qeyd edilən fərmanı sadəcə Azərbaycanlıların Soyqırımı Gününün təsis olunması ilə məhdudlaşmadı, eləcə də erməni dairələri tərəfindən törədilmiş 1918-ci il mart qırğınlarının araşdırılması və tədqiq edilməsinə ciddi təkan verdi. Aparılmış tədqiqatlar Mart qırğınlarının coğrafiyasının daha geniş olduğunu, Bakıdan başqa, Azərbaycanın digər bölgələrində də törədildiyini və qurbanların sayının güman edildiyindən dəfələrlə çox olduğunu üzə çıxarmışdır.
2007-ci ildə Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazınti işləri zamanı kütləvi məzarlıq üzə çıxmışdır. Tədqiqatlar qadın və uşaqlar da daxil olmaqla orada basdırılan təxminən 500 insanın erməni dəstələrinin 1918-ci ildə Qubada törətdiyi soyqırımın qurbanları olduğu sübuta yetirildi. Soyqırımı qurbanlarınının xatirəsini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə Qubada “Soyqırımı Memorial Kompleksi” inşa edilmiş və 18 sentyabr 2013-cü ildə kompleksin açılış mərasimi keçirilmişdir. Bu memorial kompleksinin yaradılması mərhum Heydər Əliyevin tarixi yaddaşımızın bərpası, qorunub saxlanması və institutlaşması siyasətinin məntiqi davamıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)