Prezident İlham Əliyevin liderlik fenomeni
Bu xəbəri paylaş
Prezident İlham Əliyevin liderlik fenomeni
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır.
Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən dövlət başçısı bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Çünki o, xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən Zəfər yürüşü uğurla davam edir.
2003-2018-ci illərdə Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb və tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə bağlı davamlı tədbirlər görüb və onun tapşırığı ilə nəhəng infrastruktur layihələr həyata keçirilib. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub.
İslahatların mühüm qismi əhalinin rifa-halının yüsəldilməsinə yönəldilib. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb, 640-dan artıq xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.
Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
Prezident İlham Əliyevin dərindən ölçüb-biçərək həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gündən-günə genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranının yaxşılaşdırılması üçün görülən tədbirlər dövlət başçısının xalqa göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.
Xalqımız əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır.
Cahangir Muradov, Əməkdar mədəniyyət işçisi
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)