Fiziki passivlik ümümi ölüm risk faktorları arasında 4-cü yerdədir - Mərkəzi Gömrük Hospitalının fizioterapevti - MÜSAHİBƏ
Bu xəbəri paylaş
6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günüdür. Bu gün 2002-ci ildən başlayaraq hər il aprelin 6-sında bütün dünyada “Hər gün otuz dəqiqə fiziki fəallıq!” devizi altında qeyd edilir.
Bu əlamətdar gün ölkəmizdə hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, fiziki passivliyin olmaması və ya az olması sağlamlığa zərərli təsirləri barədə ictimaiyyət məlumatlandırılır.
Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün böyük əhəmiyyətə malikdir.
Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova Ümumdünya Fiziki Aktivlik Günü çərçivəsində suallarımızı cavablandırıb.
- Səidə xanım, fiziki passivliyin insan orqanizmi üçün nə kimi zərərləri ola bilər?
Fiziki passivlik müasir dövrdə səhiyyəsinin ən böyük problemləri sırasındadır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya ümümi ölüm risk faktorları arasında 4-cü yerdədir. Belə ki, fiziki passivlik ürək damar, diabet və xərçəng kimi xəstəliklərın gedişatını ağırlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, 15 yaşından yuxarı dünyada əhalisinin 31.1%-i fiziki passivdirlər.
13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil - yeniyetmələrin 80%-i gündəlik minimal 60 dəqiqəlik aktivlik rejiminə riayət etmirlər. Fiziki passivlik barədə danışanda oturaq rejimi də qeyd eləmək lazımdır. XX əsrdə oturaq rejimin zərərlərini hətta siqaretçəkmənin zərərlərinə bərabərləşdirirdilər. Oturmaq siqaret çəkməyin yeni variantıdır (“sitting is a new smoking” ) ifadəsi bir müddət trendə çevrilmişdir.Qeyd edim ki, fiziki aktivlik dedikdə gündə ən az 30 dəqiqə, həftədə 5 gün orta intensivlikdə idman hərəkətlərinin edilməsidir. Uşaqlar və yeniyetmələr üçün bu rəqəm fərqlidir - gündə 60 dəqiqə təşkil edir.
Səidə xanım, fiziki aktivliyin insan sağlamlığı üçün nə kimi müsbət təsirləri var? Fiziki aktiv olmaqla hansı xəstəliklərin qarşısını almaq mümkündür?
Fiziki aktivlik ürək damar, diabet və digər xəstəliklərin profilaktikasında və kompleks müalicəsində vacib rol oynayır. Fiziki aktivlik çəki nəzarəti, sümüklərin və əzələlərin möhkəm olması üçün çox vacibdir. Tədqiqatlara əsasən, bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi vaxtlar isə daha da güclü effekt göstərir. Aktivliyin orqanizmə müsbət təsiri elmlə sübüt olunmuşdur. Bu təsirlər aşağıdakılardır:
- Qlükozanı və insulin balansını tənzimləyir;
- Ürəyin koronar damarlarında qan axarını artırır;
- Trombların yaranması riskini azaldır;
- Qan təzyiqini tənzimləyir;
- Qanda lipid profili yaxşılaşdırır - “yaxşı” yağların lipoproteidlərin səviyyəsini artırır, “pis” yağlarının səviyyəsini azaldır.
Bununla yanaşı, fiziki aktivlik insanda depressiya, stress və gərginliyi azaldır və ümümi əhvalı yaxşılaşdırır.
Bəs insanların fiziki passivliyinin əsas səbəbləri sırasında nələr dayanır?
XXI əsrdə dünya əhalisinin əksəriyyəti uzun müddət kompüter arxasında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Bizim bədənimiz hərəkət üçün hesablanıb. Müasir texnologiyalar və ofis iş şəraiti isə bizi hipodinamik həyat tərzinə meyilləndirir. Böyüklər orta hesabla sutka vaxtının 90%-ini qapalı məkanlarda keçirir. Gün ərzində təxmini 9 saat oturaq vəziyyətdə oluruq. Oturaq rejiminin bizim onurğamızın sağlamlığına, əzələ skelet strukturlarına və digər sistemlərinə mənfi təsiri haqqında çoxdan sübut olunmuş araşdırmalar movcuddur. Təbi ki, belə həyat tərzi bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.
Orta və ya ağır fiziki aktivlik fəaliyyəti zamanı dayaq-hərəkət aparatının travmaya məruz qalmaması üçün tövsiyələriniz nələrdir?
İlk və ən vacib qayda - hansısa idman və hərəkət zamanı ağrı hiss edirsinizsə onu dayandırın. Ağrı hərəkətinizin düzgün olmaması ya da bədəninizin bu hərəkətə hazır olmaması barədə xəbərdarlıq edir. Hər bir idmandan əvvəl isinmə mərhələsini unutmayın, hərəkətin düzgün texnikasını öyrənin, öz gücünüzü düzgün qiymətləndirin. Fiziki aktivliyə uyğun qidalanın, bol su için və dincəlin. Bunlar idmandan sonra əzələlərimizin bərpası üçün kömək edəcək.
Ölkəmizdə insanların fiziki aktivlik səviyyəsi qəbul edilən normalara uyğundurmu? Azərbaycanda daha çox hansı yaşdan olan insanlar fiziki aktiv olmağa üstünlük verirlər?
Son illərdə bütün dünyada olduğu kimi ölkəmizdə də insanlar hipodinamik həyata meyillidilər. Əvvəlki illərin sorğularında əhalinin fiziki aktivliyi barədə yüksək göstəricilərə nəzər salmışam. Fikrimcə, bu, konkret qrup əhali üçün keçərlidir - cavanlar daha çox aktivliyə və idmana maraq göstərirlər. Həm də son illərdə baş verən hadisələr – pandemiyanın əvvəlində tətbiq olunan məhdudiyyətlər və bir çox sahələrdə distant iş və təhsilin tətbiqi öz rolunu oynayıb. Ən azından, öz pasiyentlərimizə istinad edərək bunu deyə bilərik.
Ev şəraitində fiziki aktiv olmaq üçün hansı məşqlər edilə bilər?
Gündəlik idman proqramınıza gərmələri, balans üçün hərəkətləri, ümümi bədənin sağlamlığına, tez-tez müşahidə olunan bel və boyun ağrılarında istifadə olunan idman hərəkətlərini əlavə etmək məsləhətdir. Bu idman hərəkətlərini Mərkəzi Gömrük Hospitalının saytında yer alan “Düz qamət sağlam həyat” rubrikasından öyrənə bilərsiniz. Linki Sizə təqdim edirəm: https://customshospital.az/hekim-mesleheti-duz-qamet/
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)