Azərbaycan Skautlar Assosiasiyasının növbəti - VIII qurultayı keçirilib

Azərbaycan Skautlar Assosiasiyasının növbəti - VIII qurultayı 13 mart 2022-ci il tarixində Azərbaycan Skautlar Assosiasiyasının Baş ofisində keçirilib.


Assosiasiyanın Sədri Emin Babayevin sədrliyi, Baş katib Ülvi Məmmədovun katibliyi ilə baş tutan VIII Milli Baş Assambleya çərçivəsində təşkilatın üçillik fəaliyyəti barədə hesabat və maliyyə hesabatı dinlənilib, gələcək inkişafa yönəlmiş bir sıra yeniliklər təqdim edilib. Qurultayın funksiyalarından biri Milli Komitənin üzvlərini, Sədrini seçmək, Auditor Komissiyasının üzvlərini seçməkdir. Qurultayın qərarı nəticəsində 2022-2024-cü illər ərzində İlyas İsmayıllı Azərbaycan Skautlar Assosiasiyasının yeni sədri seçilib.


Qeyd edək ki, İlyas İsmayılı Prezident mükafatçısıdır. 2017-ci ildə Bakıda keçirilən Azərbaycanın ev sahibliyi etdiyi Dünya Skaut Konfransının təşkilat komitəsinin rəhbəri,  2017-2021-ci illərdə Dünya Skaut Hərəkatı Təşkilatının İdarə Heyətinin üzvü olub.  O, Müxtəlif illərdə ayrı-ayrı ölkələrdə keçirilmiş skaut konfranslarında, tədbir və düşərgələrində iştirak edib. 2012-ci il dekabrın 28-də Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri seçilib. İlyas İsmayıllı bir sıra yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. O, 3 illik fasilədən sonra, 2022-2024-cü illərdə təşkilata rəhbərlik edəcək.


Sonra qurultay komitə üzvlərini seçib. Milli Komitənin (İdarə heyətinin) yeni tərkibində Sərxan Hacıyev, Emin Babayev, Zamin Məmmədov, Qoşqar Qurbanov, Ülkər Xanlarova, Orucəli Abbaszadə yer alıblar.


İradə Müseyibova, Vüsal Məhərrəmov, İntiqam Rzayev isə auditorlar komissiyasının üzvləri seçiliblər.


Qurultayda, həmçinin qarşıdakı dövr üçün 3 illik Strategiya və Fəaliyyət Planı qəbul edilib.


Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir. ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilvell Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020