Valeh Kərimov: "İkinci dəfə evlənmədim. İkinci xanıma "dublyor" kimi baxıram" - VİDEO

Valeh Kərimov: "İkinci dəfə evlənmədim. İkinci xanıma "dublyor" kimi baxıram" - VİDEO

"İnstitutu qurtarandan sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Ordan da uzaqlaşdırıldım. Bir hadisəni danışım. Bir gün direktor məni çağırdı otağına, utana-utana dedi ki, bir söz soruşum Valeh müəllim. Siz aktyorluğu bitirmisiniz? Dedim, bəli. Diplomunuz var?! Dedim, bəli! Onu sabah gətirə bilərsiniz? Dedim, olar. Səhərisi gün, gətirdim, oxudu. Dedi, vaaayyy əyləşin, məni boğaza yığıblar ki, sizin ixtisasınız aktyorluq deyil. Gəlib burda Xalq artisti kimi işləyirsiniz. Deyirlər, "Mədəni-maarif"i bitiribsiniz. Dedim nə yazılıb bura? Dram və kino aktyoru. Universiteti bitirəndə imtahan komissiyasına rəhmətlik Hökümə Qurbanova imza atıb. Dedim, 70 yaşım var, xalq artistiyəm. Ömrümün 45 ilini buraya fəda etmişəm. Bunun nə mənası var idi ki?! Direktor dedi, vallah məni bezdirmişdilər!"

"Aktyor olduğum üçün rəhmətlik həyat yoldaşımı mənə vermirdilər. Heç atam da o fikirdə idi. Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi şoferi idi. Dediler oğlan rejissordur. Dedi, nə? O lap pisdi. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Durun gedin! Bax, belə bir hadisə olmuşdu. Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istəyirdi. Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar. Teatrda bir rolu iki aktyor oynayır. İkinciyə "dublyor" əvəzedici deyirlər. Mən ikinci arvada "dublyor" kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcək. Ona görə də dedim ki, lazım deyil. Uşaqlarıma desə ki, bunu belə yox, belə qoy biləcəm ki, evdə hegemonluq edir! "

"Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bekar insanam. Menim də bekarçılıqdan təmiz zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim də. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Mən yaratmaq istəyirəm. Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötəri gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim... "

"İndi-indi hamı mənim adımı bilir, indiyə kimi "Moşu", xalq deyirlər. Gülür. Xalqın içindən çıxmış insandır. Orda xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqlugu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da alınmaz. Rədd eliyin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün..."

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020