RAMİZ HƏSƏNOĞLU - Doğum gününüz mübarək!..
Bu xəbəri paylaş
RAMİZ HƏSƏNOĞLU
Doğum gününüz mübarək!..
Bu gün Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru, Ramiz Həsənoğlunun doğum günüdür.
Mirzəyev Ramiz Həsənağa oğlu 13 aprel 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası – Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası – əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir.
1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür.
1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur.
1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.
4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Mirzəyev Ramiz Həsənağa oğluna Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı verilmişdir
Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur.
R.Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülmüşdür.
R.Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" tamaşalarına da quruluş vermişdir.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür.
2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkmişdir.
1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir.
Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.
Qrupun adından Ramiz bəyə möhkəm can sağlığı, peşəsində daha da çox uğurlar və marağla dolu həyat arzu edirik!
Filmoqrafiya:
Onuncu planet (Rejissor) - 1968
Gülər (Rejissor) - 1968
Firuzə (Rejissor) - 1969
Tanatos mehmanxanası (Rejissor) - 1969
Bir parça həyat (Rejissor) - 1969
Parlaq tale (Rejissor) - 1972, Sənədli film
Günəşlə görüşənlər (Rejissor) - 1973
Son gecə (Rejissor) - 1974
Gecə müsahibi (Rejissor) - 1975
Oğulla görüş (Rejissor) - 1975
Günəşin bacısı (Rejissor) - 1975
Bizim müasir qadınlar (Rejissor) - 1976, Qısametrajlı sənədli televiziya filmi
Dindirir əsr bizi (Rejissor) - 1976
Səməd Vurğun (Rejissor) - 1976, Sənədli film
Ötən ilin son gecəsi (Rejissor) - 1978, Televiziya tamaşası
Müsabiqə (Rejissor) - 1978
Bir payız axşamı (Rejissor) - 1978
Üç eskiz (Rejissor) - 1978, Sənədli film
Yollar görüşəndə... (Rejissor) - 1979, Qısametrajlı musiqili televiziya tamaşası
Sumqayıt (Rejissor) - 1979, Sənədli film
Qatarda (Rejissor) - 1981, Tammetrajlı musiqili film
Ömrün yolları (Rejissor) - 1982, Tammetrajlı televiziya tamaşası
Kökdən düşmüş piano (Bədii rəhbər) - 1982, Tammetrajlı televiziya tamaşası
Evləri köndələn yar (Rejissor) - 1982, Tammetrajlı film-tamaşa
Topal Teymur (Rejissor) - 1983
Günahsız Abdulla (Rejissor) - 1984, Tammetrajlı televiziya tamaşası
Ordan-burdan (Rejissor) - 1987
Yaşıl eynəkli adam (Rejissor) - 1987
Qonşu qonşu olsa... (Rejissor) - 1989, Tammetrajlı televiziya film-tamaşası
Kamança (Rejissor) - 1993
Ac həriflər (Ssenari müəllifi) - 1993, Tammetrajlı bədii televiziya filmi
Ağ dünya (Prodüser) - 1995
Bala – başa bəla! (Prodüser) - 1995, Tammetrajlı televiziya film-tamaşası
Qayalarda qalan səs (Prodüser) - 1995Ş, Tammetrajlı film-tamaşa
Ömürdən uzun gecə (Prodüser) - 1996, Tammetrajlı bədii televiziya filmi
Yarımştat (Prodüser) - 1996, Tammetrajlı bədii televiziya film-tamaşası
Fatehlərin divanı (Rejissor) - 1997, Çoxseriyalı bədii televiziya filmi
Min birinci söz (Rejissor) - 1997, Qısametrajlı sənədli-bədii televiziya filmi
Yurd yeri (Prodüser) - 1997, Tammetrajlı bədii televiziya filmi
Ailə (Rejissor) - 1998, tammetrajlı bədii film
Nigarançılıq (Prodüser) - 1998, Tammetrajlı televiziya film-tamaşası
Xoşbəxt adam (Rejissor) - 1999, Sənədli film
Yaşıl eynəkli adam-2 (Prodüser) - 1999, Tammetrajlı bədii televiziya filmi
Dirsə xanın oğlu Buğacın boyu (Rejissor) - 2000, Tammetrajlı bədii televiziya filmi
Nekroloq (Prodüser) - 2001, Tammetrajlı bədii televiziya filmi
Salur Qazanın evi talandığı boy (Prodüser) - 2001, Tammetrajlı bədii televiziya filmi
Ömür ağacı (Rejissor) - 2002, Sənədli film
Yaşıl eynəkli adam-3 (Prodüser) - 2002, Tammetrajlı bədii televiziya filmi
Dəvətnamə (Prodüser) - 2003, Tammetrajlı bədii televiziya filmi
Yumurta (Rejissor) - 2003, Tammetrajlı televiziya film-tamaşası
Bəylik dərsi (Prodüser) - 2007, Tammetrajlı bədii televiziya filmi
Cavid ömrü (Rejissor) - 2007, Tammetrajlı bədii film
Anarın anları (Rejissor) - 2008, Tammetrajlı sənədli televiziya filmi
Evləri göydələn yar (Prodüser) - 2010, Tammetrajlı bədii televiziya filmi
Mürafiə vəkillərinin hekayəti (Ssenari müəllifi) - 2011, Tammetrajlı televiziya tamaşası
Sübhün səfiri (Rejissor) - 2012, Tammetrajlı bədii film
Yaşadan, yaşayan Yaşar (Filmdə iştirak edən) - 2012, Tammetrajlı sənədli televiziya filmi
———
Bu yaxınlarda Azərbaycan Televiziyası görkəmli rejissor, məşhur tele-tamaşaların müəllifi, Ramiz Həsənoğlunun yubileyi münasibətilə film çəkib. Topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli, Zərbəli, İzzət Nəfisli və neçə-neçə qəhrəman yenə ekranda görüşür. Onlar bu dəfə rejissor Ramiz Həsənoğlunun başına toplaşırlar. Axı baxmaqdan doymadığımız o sevimli qəhrəmanları ekrana çıxaran da elə Ramiz Həsənoğludur.
Filmdə Xalq artistləri Rasim Balayev, Cahangir Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Hacı İsmayılov, Məmməd Səfa, İlham Namiq Kamal, Səidə Quliyeva, Əməkdar artistlər Sənubər İsgəndərli, Dilarə Əliyeva, Elman Rəfiyev və başqaları çəkiliblər.
Aşağıdaki videoda – rejissor Ramiz Həsənoğlu haqqında "Uzun yolun bələdçisi" filmi təqdim olunur.
Aynur Xəlilova
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)