Özbəkistanın Termiz Dövlət Universitetində Azərbaycan mədəniyyət günlərinin açılışı olub - FOTO

Özbəkistanın Termiz Dövlət Universitetində Azərbaycan mədəniyyət günlərinin açılışı olub - FOTO

Özbəkistanın Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının və Surxandarya vilayətində Azərbaycan mədəniyyət günlərinin açılışı olub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılışı olub.


Açılışda Azərbaycandan gələn qonaqlar, bu ali məktəbin professor- müəllim heyəti iştirak edib.
Azərbaycan Ocağında Xurşidbanu Natəvanın böyük portreti, şairənin həyat və yaradıcılığı haqqında məlumat lövhəsi, habelə Şuşa və Qarabağa aid banerlər, rəsm və fotolar  yerləşdirilmişdir.


Ocaqda Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkələrimizin siyasi xəritələri, Şuşanın simvolu Xarıbülbül, Qarabağın milli qadın və kişi geyimləri bəzəyir. Burada nümayiş etdirilən nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitabalr, Qarabağ münaqişəsinə dair çap məhsulları da yer alıb.


Qeyd edək ki, ocaqda Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi nəşrlər, Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi kitab kolleksiyası, şair və yazıçılarımızın portretləri, milli suvenirlər nümayiş etdirilir.


Termiz Dövlət Universitetinin rektoru, professor Avazjon Maraximov Özbəkistan-Azərbaycan dostluğundan danışıb, belə bir ocağın yaradılmasının dostluğumuzun bariz nümunəsi olduğunu vurğulayıb. Rektor ocağın ərsəyə gəlməsinin təşəbbüskarının Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin olduğunu bildirib, bunun üçün Mədəniyyət Mərkəzinə xüsusi  minnətdarlıq edib. O qeyd edib ki, bundan sonra tələbələrimiz bu məkana gəlib Azərbaycan haqqında ətraflı məlumat ala biləcək və bu ocaq Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün gözəl platforma olacaqdır.


Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yaradılan Xurşidbanu Natəvan adına Azərbaycan Ocağı haqqında məlumat verib. Qarabağın incisi, işğaldan azad edilən Şuşa şəhəri haqqında danışan S.Abbasov bu il Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu, qarabağlı məşhur şairə, xan qızı Xurşidbanu Natəvanın 190 illiyinin ölkəmizdə qeyd olunduğunu bildirib. O, TÜRKSOY tərəfindən qəbul olunan qərara əsasən gələn il qədim Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyacağını da vurğulayıb.


Samir Abbasov yaradılacaq ocaqda kitabxananın fəaliyyət göstərəcəyini, iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair görüşlər, açıq dərslər keçiriləcəyini və gələcəkdə isə onlayn formada Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.


Sonra Termiz şəhər İncəsənət sarayında Surxandarya vilayətində Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı olub.


Açılış mərasimində vilayət hakimiyyətinin nümayəndəsi Obidjon Şofiyev çıxış edərək Azərbaycanla münasibətlərə, elm, mədəniyyət, təhsil sahəsində əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib,  Özbəkistanda müntəzəm olaraq Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin keçirilməsini xalqlarımızı bir-birinə daha yaxından bağladığını vurğulayıb.


Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında tarixi dostluq və əməkdaşlıqdan söhbət açaraq, Surxandarya vilayətində qədim Termiz şəhərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılmasını böyük hadisə kimi dəyərləndiriblər. Natiqlər Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsindən danışıblar.


Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nazirliyin bu cür layihələri dəstəklədiyini, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğini həyata keçirən Azərbaycan ocaqlarının nəşrlərlə təmin ediləcəklərini və onların fəaliyyətinin diqqət mərkəzində saxlanılacağını bildirib. O, Qarabağda Azərbaycan xalqının min illərlə yaratdığı mədəniyyət, mədəni irs nümunələri haqqında danışaraq, şairə, xan qızı Xurşidbanu Natəvanın adını daşıyacaq ocağın Termiz Dövlət Universitetinə Azərbaycanla mədəniyyət, təhsil sahəsində əməkdaşlığın inkişafı yolunda yeni imkanlar açacağına inamını ifadə edib.


Daha sonra Azərbaycan mədəniyyət günləri münasibəti ilə hazırlanan mədəni proqram təqdim edilib. Azərbaycanlı modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və Özbək naxışlarının əks olunduğu milli libaslar nümayiş etdirilib. Termiz Dövlət Universitetinin tələbələrinin nümayiş etdirdikləri geyimlər “Qarabağ şikəstəsi” musiqisinin sədaları altında təqdim olunub.


Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, saz ustası İlham Abdullayev, Kaykep Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının çıxışları, milli musiqimizi və rəqslərimizin ifası böyük maraq və alqışlarla qarşılanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020