Azərbaycan Yazıçılar Birliyində Vahid Aslanın “Ləyaqət simvolu” adlı kitabının təqdimatı keçirildi.
Bu xəbəri paylaş
Azərbaycan Yazıçılar Birliyində Vahid Aslanın “Ləyaqət simvolu” adlı kitabının təqdimatı keçirildi.
Aprel ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Vahid Aslanın “Ləyaqət simvolu” adlı kitabının təqdimatı və imza günü keçirildi.
Xatırladaq ki, “Qanun” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunmuş bu kitab Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynovanın həyat və yaradıcılığına həsr olunmuşdur.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair Səlim Babullaoğlu giriş nitqi ilə açaraq, vurğuladı ki, kitabın müəllifi Vahid Aslan çağdaş ədəbi mühitdə özünəməxsus üslubu və dəst-xətti olan qələm adamıdır. Əməkdar artist Nuriyyə Hüseynova isə gözəl səsə malik muğam ifaçısı, bəstəkar, pedaqoq və ləyaqətli bir xanımdır. Belə bir kitabın yazılması həm ədəbiyyatımız üçün həm də musiqi mədəniyyətimiz üçün xüsusi əhəmiyyətə malikdir. Səlim Babullaoğlu eyni zamanda Vahid Aslanın son iki ildə nəşr olunan dörd kitabı haqqında da danışaraq, “Gədəbəy Rayonunun Şəhidləri” kitabının əhəmiyyətini xüsusi olaraq qeyd etdi.
Daha sonra söz tədbirin aparıcı, tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyevaya verildi. Yazgül xanım da təqdim olunan kitabın başlıca xüsusiyyətləri haqqında danışaraq, həm müəllifə həm də kitabın qəhrəmanına yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Millət vəkili Fazil Mustafa kitabın adının və məzmununun Nuriyyə Hüseynova şəxsiyyətini tam ehtiva etdiyini vurğulayaraq, müəllifə təşəkkürünü bildirdi.
Professor Qulu Məhərrəmli bildirdi ki, istənilən cəmiyyətdə Nuriyyə Hüseynova kimi ziyalılara böyük ehtiyac duyulur.
Daha sonra tanınmış həkim, professor Müşfiq Həsənli, professor Nailə Rəhimbəyli, kitabın rəyçisi dosent Şəhla Tahirqızı, həkim-şair Rəfiqə Abbasova, şairlərdən İlqar Türkoğlu, Süleyman Abdulla, Məlahət Yusifqızı, Zərnişan Turan, Cavanşir Qənbər, Gülnarə İsrafil, bəstəkar-müğənni Çilənay Hüseynova, müğənni-aşıq Solmaz Kosayeva, tanınmış ziyalı İsmayıl Həkimli, bədii qiraət ustası Rayət İmaməliyev və digərləri çıxış edərək, maraqlı fikirlər söylədilər.
Tədbirin sonunda kitabın müəllifi Vahid Aslan və kitabın qəhrəmanı Nuriyyə Hüseynova çıxış edərək tədbirdə iştirak edən qonaqlara və tədbirin keçirilməsi üçün geniş şərait yaradan Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Daha sonra xatirə şəkilləri çəkdirilməklə tədbirə yekun vuruldu.
Gülay Əsgərli.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)































































































































































