Nurlan Əbilovun şəhadətindən bir il ötür (AZpressAZ -Akif Ağayev, +FOTO=8)
Bu xəbəri paylaş
Nurlan Əbilovun şəhadətindən bir il ötür (AZpressAZ -Akif Ağayev, +FOTO=8)
Masallıda şəhidin anım günündə abidə-kompleksin açılışı olub
Şəhid Nurlan Əbilovun anım günündə anadan olduğu Şərəfə kəndində Böyük Vətən müharibəsi (1941-1945) və Qarabağ müharibəsi şəhidlərinin şərəfinə yenidən qurulan «Şəhidlər» abidə-kompleksinin açılışı olub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və digər rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Masallı RİH başçısı Ş.Məmmədov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Ölkənin hər yerində olduğu kimi Masallıda da Birinci və İkinci Qarabağ müharibələrində həlak olanların xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdıran İcra başçısı Nurlan kimi igidlərimizin gənclərə nümunə olan şərəfli ömür yolundan danışıb, şəhidlərin qanının yerdə qalmadığını vurğulayıb.
Rayon rəhbəri «Şəhidlər» abidə-kompleksinin təşəbbüsçüsü, Şərəfə kənd folklor evinin rəhbəri Dürdanə Hüseynovaya və zəhməti keçən hər kəsə minnətdarlıq bildirib.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, veteran müəllim Xankişi Xankişiyev, Şərəfə kənd folklor evinin rəhbəri Dürdanə Hüseynova və başqalarının çıxışlarında şəhidin Nurlan Əbilovun şərəfli həyat və döyüş yolundan danışılıb, xatirələr dilə gətirilib.
Nurlanı qayğıkeş, vətənpərvər kimi xarakterizə edən çıxışçılar onun Vətənə sevgisindən, işğal olunan torpaqlarımızı azad görmək arzusundan danışıblar.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Məktəblilərin, şəhid övladlarının ifasında şəhidlərə ithaf olunmuş seirlər, nəğmələr səslənib.
Sonra abidə-kompleksin açılışı olub, önünə qərənfillər düzülüb.
Şəhid Nurlan Əbilovun məzarı ziyarət olunub, ildönümü kəndin mərasim evində davam etdirilib.
***
Məlumat üçün bildirək ki, Nurlan Fərrux oğlu Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Şərəfə ərazisinin Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib. Sonradan, müharibə zamanı diplomu ailəsinə çatdırılıb. Evin tək övladı olan Nurlan ailəli idi, 5 və 3 yaşlı iki oğlu – Amin və Fərrux yadigar qalıb.
2017-ci ilin aprelindən 2018-ci ilin oktyabr ayına qədər Şəmkirdəki “N” saylı hərbi hissədə Sərhəd Qoşunlarının tərkibində xidmət edib. Hərbi xidməti dövründə fəxri fərman və diplomlarla təltif edilib.
Azərbaycan Ordusunun əsgəri Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.
8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Nəşi Masallı rayonunun Şərəfə kəndində torpağa tapşırılıb.
Respublika Prezidentinin müvafiq sərəncamları ilə Nurlan Əbilov ölümündən sonra «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Vətən uğrunda» və «Cəsur döyüşçü» medalları ilə təltif olunub.
AKİF AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







