Pərvanə ZİYADOVA: ŞƏHİD MƏZARLARI AND YERİMİZ, ZİYARƏTGAHIMIZDIR

Pərvanə ZİYADOVA: ŞƏHİD MƏZARLARI AND YERİMİZ, ZİYARƏTGAHIMIZDIR

Pərvanə ZİYADOVA: ŞƏHİD MƏZARLARI AND YERİMİZ, ZİYARƏTGAHIMIZDIR

 

19 aprel - Masallı rayonu Ağakişibəyli kəndindən cəbhəyə yollanmış Nurlan Əbilovun döyüşdə aldığı ağır yara nəticəsində şəhidlik zirvəsinə ucaldığı gündür.

 

ŞƏHİD MƏZARLARI AND YERİMİZ, ZİYARƏTGAHIMIZDIR

 

Şəhid balamız Nurlan Əbilov haqqında keçmiş zamanda danışmaq mənim üçün də çətindir. Kövrək qəlbli uşaqlığından böyük arzularla dolu gəncliyinə qədər həyatın çox acısını daddı, çox sıxıntı keçirdi. Bütün yaşananlara baxmayaraq ağlı, savadı, səmimiyyəti, imanı, mədəniyyəti, böyük-kiçik yerini bilməsi, doğma kəndə, Azərbaycana olan sonsuz sevgisi ilə hamının hörmət və rəğbətini qazanan Nurlan həmişə nikbin, inamlı görünərdi. Ali təhsilini başa vurandan sonra biz onu kəndimizin sabahına, inkişafına, camaatın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına fayda verə biləcək gənc bir idarəçi kimi görürdük. Yeri gələndə bu barədə Nurlanın özü ilə də qısa söhbətimiz olmuşdu. O isə: “ - Pərvanə xala, kəndimizin gəncləri doğma el-obamızın təəssübünü çəkməyə borcludurlar. Axı biz buranın suyu, çörəyi ilə böyümüşük. Amma xalqımızın işğal olunmuş Qarabağ boyda dərdi var. Amansızlıqla soyqırıma məruz qalmış Xocalı yolumuzu gözləyir, bizi intiqama səsləyir. Yumruq kimi birləşib bu böyüklükdə ümummilli dərdimizi həll edəndən sonra ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-duası ilə kəndin də əyər-əskiyinin aradan qaldırılması üçün çiynimizi yük altına verəcəyik. Təki Vətən sağ olsun!” – deyib əyninə əsgər paltarı geyinərək cəbhəyə yollanmışdı.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığımız Vətən müharibəsində Ağakişibəyli və Şərəfə kəndlərinin də onlarca gənci silaha sarılaraq işğalçı ermənilərlə döyüşlərə atılmışdı. Düşmənə qarşı mübarizəyə yüksək əhval-ruhiyyə ilə gedən oğullarımız mərdlik, igidlik nümunələri göstərərək qələbə, zəfərlə geri döndülər. Təəssüf ki, qara xəbərlə döyülən qapılarımız da oldu. Nurlan Əbilovun böyüyüb boya-başa çatdığı ocağın da qapısı acı xəbərlə döyüldü. Ağakişibəyli və Şərəfə camaatı igid şəhidimiz üçün ağladı, göz yaşı axıtdı...

 

Şəhidlik adlanan ölməzliyə qovuşmuş Nurlanın, eləcə də Vətən uğrunda canını qurban vermiş digər qəhrəmanlarımızın məzarları bu gün ziyarətgaha çevrilib. Şəhidlərin ailə üzvləri, məktəblilər, müharibə qaziləri və veteranlar, bütün kənd əhli tez-tez Şərəfə qəbiristanlığındakı bu müqəddəs məkana baş çəkir, yeni evlənənlər əziz ruhların qarşısında ailəyə və Vətənə sədaqət andı içirlər.
Nurlanın evində Vətənimiz Azərbaycan üçün yetişən Amin və Fərrux adlı azyaşlı övladları da igid, qorxmaz olacaqlarına, böyüyəndə torpaqlarımızı ataları kimi qəhrəmanlıqla qoruyacaqlarına söz veriblər.

 

Əlbəttə, inanırıq ki, ot kökü üstə bitəcək, heç vaxt unutmayacağımız, xatirəsini daim əziz tutacağımız mərd, cəsur, ölməz oğullarımızın balaları da Vətənin layiqli övladları olmaqla ata-babalarının şərəfli yolunu davam etdirəcəklər.

 

Böyük yaradan şəhidlərimizin ruhunu şad etsin, ərazilərimizin düşmənlərdən təmizlənməsində və qorunmasında xalqımızın yardımçısı olsun.

 

Pərvanə ZİYADOVA,
Şərəfə kənd sakini, ziyalı
Yazı Pərvanə Ziyadovanın "Şərəfli döyüş yolu" kitabından götürülmüşdür.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020