"Yeni adlar layihəsi" çərçivəsində konsert keçiriləcək (AZpress.AZ, İ.Nəriman, +FOTO)
Bu xəbəri paylaş
"Yeni adlar layihəsi" çərçivəsində konsert keçiriləcək (AZpress.AZ, İ.Nəriman, +FOTO)
29 aprel 2022-ci il tarixində saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar layihəsi" çərçivəsində Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun rəhbərliyilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcəkdir.
Konsertdə solistlər beynəlxalq müsabiqələr laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Rüstəm Zeynalov və BMA-nın məzunu Ceyhun Əzizov çıxış edəcəkdir.
Musiqili gecədə tamaşaçılar dünya musiqi klassiklərinin incilərindən həzz ala biləcəklər. Konsert proqramında pianoçuların və orkestrin ifasında Lüdviq Van Bethovenin Fortepiano konsertini (N4 G dur op.58) və Sergey Raxmaninovun "N.Paqanini mövzusunda rapsodiya" (a moll op.43) əsərləri səslənəcəkdir.
Rüstəm Zeynalov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında l kursu bitirib, R.Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasında bakalavr və magistr təhsili almış, sonra aspirantura təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında almışdır. Çoxsaylı beynəlxalq müsabiqə və festivallarda iştirak etmişdir. Hazırda
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Nəfəs və zərb alətləri" fakültəsində konsertmeyster vəzifəsində çalışır.
Ceyhun Əzizov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr dərəcəsi üzrə təhsil almışdır. Çoxsaylı beynəlxalq müsabiqələrdə iştirak etmişdir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktyorları" kafedrasında konsertmeyster vəzifəsində çalışır.
Orxan Həşimov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil almış, müxtəlif Beynəlxalq səviyyəli dirijorluq müsabiqələrində uğurla iştirak etmişdir. Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru vəzifəsində işləyir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
