Masallıda paralimpiyaçı çempion Bəhruz Mirzəyevlə görüş (AZpressAZ -Akif Ağayev +FOTO=12)
Bu xəbəri paylaş
Masallıda paralimpiyaçı çempion Bəhruz Mirzəyevlə görüş (AZpressAZ -Akif Ağayev +FOTO=12)
“Çempionumuz” layihəsi çərçivəsində növbəti tədbir
Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Masallıda növbəti tədbir keçirilib.
Layihənin qonağı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü və kapitanı, ikiqat Azərbaycan çempionu, dəfələrlə beynəlxalq səviyyəli yarışların – açıq regional turnir, açıq çempionat və qitələrarası çempionatın qızıl medal sahibi və 2018-ci ildə boccia üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülmüş Bəhruz Mirzəyev olub.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl şəhərdəki Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Tədbir Masallı şəhər Heydər Əliyev Mərkəzində davam edib.
Görüş iştirakçıları Mərkəzin foyesində Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar, onlara dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri barədə məlumat verilib.
Müəllim və şagirdlərlə yanaşı rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, idmançılar və media nümayəndələrinin qatıldığı görüş Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himnimizin səslənməsilə başlayıb.
Sonra idmançının mötəbər yarışlardakı qazandığı uğurlardan bəhs edən videoçarx izlənilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyilə idmana göstərilən diqqət və qayğıdan söz açıb, “Çempionumuz” layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəmini vurğulayıb. Dəvət olunan idmançı barədə məlumat verən S.Cahangirov Bəhruz Mirzəyevə növbəti yarışlarda uğurlar arzulayıb.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Viləş kənd tam orta məktəbinin direktor müavini Nazilə Tahirova, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, “Asiya.az” saytının rəhbəri Cəfər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən, Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Növbəti yarışların Finlandiya, Polşa, İtaliya və Braziliyada keçiriləcəyini diqqətə çatdıran Bəhruz Mirzəyev məşqləri intensiv şəkildə, əzmlə davam etdirdiyini deyib: “Beynəlxalq yarışların çox çətin mübarizə şəraitində keçməsinə baxmayaraq, qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gəlir, Azərbaycan bayrağını zirvələrə ucaldaraq himnimizi səsləndiririk. Əldə edilmiş nəticələr ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana olan dəstəyi və bizim bu dəstəyə uyğun olaraq əziyyətimizin bəhrəsidir. Məqsədim həmkarlarımla birgə Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etmək və yüksək nəticə əldə etməkdir...”
Məktəblilərin suallarını cavablandıran Bəhruz Mirzəyev tədbirin təşkilatçılarına, o cümlədən qazandığı uğurlara görə Boccia İdman Federasiyasının rəhbərliyinə, eləcə də federasiyanın Baş katibi və baş məşqçisi İlham Məhərrəmova, məşqçilərdən Elşən Məhərrəmov, Taleh Zeynalov və digərlərinə minnətdarlıq ifadə edib.
Sonda xatirə şəkilləri çəkilib, idmançıya Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və hədiyyələr təqdim olunub.
***
Məlumat üçün bildirək ki, Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində (keçmiş Kalinovka) anadan olub. Şəhid Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. Üç dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb.
Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazanıb. Beləliklə, boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı bu möhtəşəm zəfərlə B.Mirzəyev İtaliyada tarix yazıb.
2018-ci ildə Bəhruz Mirzəyev boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.
Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il), Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” (qitələrarası) çempionatında (02-08 aprel 2022-ci il) qızıl medal qazanıb.
Akif VAQİFOĞLU,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)











