Samir Baxşiyev: Qırğızıstan və Azərbaycan münasibətləri inkişafda
Bu xəbəri paylaş
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra daxili və eyni zamanda xarici siyasətdə uğurlu addımlar atmaqdadır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət nəticəsində dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Bu uğurlu xarici siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən də uğurla aparılmaqdadır. Xarici siyasətimizdə son illərdə Mərkəzi Asiyanın türk dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlərə gəldikdə isə qarşılıqlı əlaqələrimiz qədim tarixə malikdir. Ulu öndər Heydər Əliyevin Prezident kimi qırgız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib.
Hər iki ölkənin xalqları eyni soykökə, mədəniyyətə, ənənələrə sahibdir. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətləri qardaşlıq, əməkdaşlıq səviyyəsinə yüksəltmişdir. Unutmamalıyıq ki, eynisoykökə malik olmağımızla yanaşı, eyni zamanda hər iki xalqın uzun illər Sovet imperiyası tərkibində olması da bu münasibətlərin möhkəmlənməsində əsaslı rol oynamışdır. SSRİ-nin süqutundan sonra ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ildən başlanılıb. Lakin ilk dövrlər münasibətlər arzulanan səviyyədə olmasa da, sonrakı vaxtlarda yüksələn xəttlə inkişaf etmişdir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi.
Əminliklə deyə bilərik ki, hazırda ölkələrimiz arasında əlaqələr durmadan inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. 19 aprel 2022-ci il tarixdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri və dövlətimizin başçısı ilə keçirilən səmərəli görüş sonrası hər iki dövlət başçısının aprelin 20-də birgə mətbuata bəyanatla çıxış etmələri bir daha iki qardaş və dost ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunun bariz sübutu idi. Səfər çərçivəsində iki dövlət arasında imzalanmış 10-a yaxın sənəd içərisində Strateji Tərəfdaşlıq haqqında Bəyənnamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memerandumun imzalanması xüsusi əhəmiyyət kəsb edir. Məhz imzalanmış bu sənədlər iki dövlət arasında davam edən qarşılıqlı münasibətləri daha da möhkəmləndirəcək, eyni zamanda əməkdaşlıq səviyyəsinin yüksəlməsinə və dövlətlərin bir-birinə olan dəstəyinin daha da artmasına gətirib çıxaracaqdır.
Qeyd etməliyik ki, mürəkkəb dövrlərdə hər bir xalq üçün güclü liderlər tələb olunur. Mövcud vəziyyəti dərindən anlayan və təhlil edərək çıxış yollarını tapan və hər zaman öz dövlətini və xalqının maraqlarını düşünən və dövlətin daha güclü olması üçün gecə-gündüz çalışan müdrik liderə hər zaman ehtiyac duyulur. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun bu dəyərlərə sahib olan lideri, dövlət başçısı vardır. Qədirbilən xalqımız öz Prezidentinə hər bir işində dəstək olmaqla yanaşı, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün hər zaman öz liderinin yanındadır. Biz bu dəyərlər əsasında inanırıq ki, qısa vaxt ərzində xalq-iqtidar birliyi nəticəsində qarşımıza çıxan bütün çətinlikləri aradan qaldıracaq, dövlətimizin qüdrətinin artırılması istiqamətində mühüm nailiyyətlər əldə edəcəyik.
Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)