Masallıda 19 yaşlı yazarın kitabının təqdimatı (AZpress.AZ, Akif Ağayev, +FOTO=10)

Masallıda 19 yaşlı yazarın kitabının təqdimatı (AZpress.AZ, Akif Ağayev, +FOTO=10)

Masallıda 19 yaşlı yazarın kitabının təqdimatı (AZpress.AZ, Akif Ağayev, +FOTO=10)

 

Aprelin 25-də Masallı şəhər Gənclər Evində rayon İcra hakimiyyətinin dəstəyilə 19 yaşlı istedadlı yazar Gülnaz Nağızadənin “Qordi düyünü” adlı dedektiv janrda yazılmış üçüncü kitabının təqdimatı keçirilib.

 

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı RİH başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova rayon rəhbəri Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb, gənc yazar Gülnaz Nağızadəni iştirakçılara təqdim edərək, ona yaradıcılıq uğurları arzulayıb.
Millət vəkili, Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Masallının Yeyənkənd kəndindən olan, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ikinci kurs tələbəsi Gülnaz Nağızadəni təbrik edərək, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib.

 

Filologiya elmləri doktoru, professor, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli deyib: “Gülnaz artıq yazıçıdır. Onun tanınmağında tanınmış şair-publisist Arif Fərzəlinin rolu böyükdür. Gülnaz zirvələrə can atan istedadlı yazardır. Səlis dil xüsusiyyəti var. Dil üslubu gözəldir. Bu üslubu, bənzərsizliyi və bu texnikanı görürəm. Tövsiyə edirəm ki, klassik nəsr qanununu da unutmasın - hekayələr, povestlər yazsın. Bütün romanları da, 3-cü kitabı da dedektiv əsərdir. Çətin janrdır. Müasir həyatımızın gerçəkliyinə varsın. Mütaliə dairəsini daha da genişləndirsin. Uğurlar arzulayıram...”

 

«Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, kitabın redaktoru, şair-publisist, AYB-nin üzvü Arif Fərzəli, AYB Lənkəran bölməsinin sədri, yazıçı, «Şəfəq» jurnalının Baş redaktoru Qafar Cəfərli, Prezident təqaüdçüsü, gənc şair Elvin Əlizadə, «Masallı ziyalıları» İctimai Brliyinin sədri Qardaş Fətullayev, «Dəfinə» məktəb-liseyinin direktoru Taleh Əkbərov, «Tərəqqi» medallı veteran müəllim Ədalət Nemətov, yazarın atası Nasir Nağıyev və başqaları gənc yazar Gülnaz Nağızadəni əsərinin bədii məziyyətlərindən söz açıb, onu təbrik ediblər.

 

Sonra müəllif G.Nağızadə üçüncü kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu çətin yolda addımlayacağını qeyd edib.
Tədbirin sonunda gənc yazara hədiyyələr, gül dəstələri təqdim olunub.
Yazarın valideynləri Gülnaza dəstək olanlara, eləcə də bugünkü tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Məlumat üçün bildirək ki, Gülnaz Nasir qızı Nağızadə 2003-cü il yanvarın 1-də Masallı rayonunun Yeyənkənd kəndində dünyaya göz açıb. 2009-2014-cü illərdə Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyində, 2015-2020-ci illərdə Sumqayıt şəhərindəki 23 saylı və Nəsirəddin Tusi adına 12 saylı tam orta məktəblərində təhsil alıb. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Hazırda Bakı Dövlət Universiteti hüquq fakültəsinin ikinci kurs tələbəsidir.

 

14 yaşında “Xoşbəxtlik qapını döyür”, bir il sonra “Femidanın gözləri” kitabı nəşr edilib. Bu il ərsəyə gətirdiyi dedektiv janrlı “Qordi düyünü” romanının süjet xətti belədir: “Attila öz fəaliyyəti ilə vicdanla məşğul olan inadkar müstəntiqdir. Qarşılaşdığı hər cür cinayətin öhdəsindən soyuqqanlılıqla gəlsə də, Arzu Əfəndiyevanın qətli gənc müstəntiqin həyatını dəyişdirəcək və yaddaşında silinməz izlər qoyacaqdır. O, balaca ulduzun ölümünü araşdırdıqca addım-addım başqa reallıqlarla üzləşəcəkdir...”

 

Akif AĞAYEV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020