Dr.Tamilla Əliyeva "Həkim məsləhəti" rubrikasında "Xəstəliklərin qarşısının alınmasında immunlaşmanın əhəmiyyəti" mövzusunda məlumat verib
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Dr.Tamilla Əliyeva 24-30 aprel Ümumdünya İmmunlaşdırma həftəsi çərçivəsində “Həkim məsləhəti” rubrikasında “Xəstəliklərin qarşısının alınmasında immunlaşmanın əhəmiyyəti” mövzusunda məlumat verib.
İmmunlaşdırma hər il dünyada milyonlarla insanın həyatını xilas edir və indiyə qədər səhiyyə sahəsində ən keyfiyyətli və effektiv təsir tədbirlərindən biri kimi qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “Ümumdünya İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili ənənə halını alıb. Belə ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma həftəsi təşəbbüsünə 2007-ci ildə qoşulmuşdur.
İmmunlaşma müxtəlif xəstəliklərlə mübarizədə, onların aradan qaldırılmasında böyük rolu olan önəmli vasitədir. İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş işlədilir. Hər hansı xəstəliyin qarşısını almaq xəstə insanı müalicə etməkdən yaxşıdır. Vaksinlər sağlamlıq üçün insan orqanizminə ən faydalı müdaxilələrdən biridir, hər kəs üçün əlçatandır. Vaksinlərin köməyilə xəstəliyə tutulmuş insanların ağrılarının, əziyyətinin, əlilliyin, ölüm hallarının qarşısını almaq mümkündür.
Vaksinlərin köməyi ilə infeksiyaların ötürülməsini məhdudlaşdırmaq, yoluxmaları minimuma endirmək, bununla da səhiyyə sisteminə düşən yükü azaltmaq olar. Bunun ən gözəl sübutu COVİD-19 pandemiyası dövründə bütün dünya, o cümlədən Azərbaycan səhiyyə sisteminin əldə etdiyi nailiyyətlər – vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsi oldu.
İmmunlaşdırma həftəsinin məqsədi yeni vaksinlərin tətbiq edilməsi, planlı immunlaşdırma əhatəsinin genişləndirilməsi ücün əhalinin məlumatlandırılma səviyyəsinin yüksəlməsidir. Ümumdünya İmmunlaşdırma həftəsi – uşaqdan tutmuş böyüyə qədər hər kəsi immunlaşdırma ilə əhatə etməyə bir çağırışdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)