Ziyadxan Əliyev: REALİZMİN SƏRHƏDSİZLİYİ DUYULANDA

Ziyadxan Əliyev: REALİZMİN SƏRHƏDSİZLİYİ DUYULANDA

Ziyadxan Əliyev: REALİZMİN SƏRHƏDSİZLİYİ DUYULANDA


Rəngkar Təranə Seyidin yaradıcılığının estetikası haqqında

 

Təsviri sənət məkanında bədii “izm”lərin çoxluğu bir tərəfdən həyatını yaradıcılığa həsr etmiş insanlar üçün zəngin təkanverici mənəvi gücdürsə, digər tərəfdən bu çoxluğu “unudub” öz sənət “mən”ini soraqlamaq elə də asan məsələ deyil. Elə zamanında həmyerlisi Bəhuz bəy Kəngərlinin şöhrətinin şirinliyinə şəriklik qoşmaq istəyində olan Təranə Seyidin rənglər dünyasına meyl göstərməsinin qarşısında da çoxsaylı məşhurların adı və sənəti onun üçün “Ərəbzəngi səddi”nə çevrilmişdi. Başqa sözlə desək, sənət kimi çox rəqabətli və güzəştsiz məkanda öz imzasını tanıda biləcəyinə onda müəyyən şübhələr yaranmışdı. Odur ki, son məqamda “mavi arzusu”ndan vaz keçib, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmasını da bu tərəddüdün göstəricisi saymaq olar. Amma təhsilsonrası çox tezliklə ruhunda gəzdirdiyi yaratmaq gücünü başqalarına nümayiş etdirmək istəyi onun üzərindən “Domokl qılıncı” kimi asılı qalmaqla, gündəlik fəaliyyətini sözün əsil mənasında problemə çevirmişdi. Bundan azad olmaq elə də asan olmasa da, o, bu dəfə qətiyyət göstərməyə özündə güc tapa bildi. Onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi adını qazanması ilə narahatçılığına birdəfəlik son qoyuldu.

 

2014 - 2018-ci burada illərdə tanımış fırça ustası Xalq rəssamı Cəlil Hüseynov, Əməkdar rəssam Fərman Qulamov və Akif Kazımovdan, eləcə də Ramil Məmmədovdan aldığı sənət dərsləri ona bu nəhayətsiz gözəllik dünyasının görünən və görünməyən tərəflərini, bədii-texniki xüsusiyyətlərini dərk etməyə imkan verdi. Təhsilsonrası Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki incəsənət kollecində dərs deyən Təranə xanım, elə tələbələrini də yaradıcılıqlarında ənənə ilə müsirliyi qovuşduran rəssam kimi yetişmələrinə səy göstərməkdədir.

 

Təranə Seyidin təhsilsonrası yaradıcılığı cəmisi bir neçə ili əhatə etsə də, qazanılanların qarşılığında onun bir qədər sıxıntılı “tələbə palitrası”ndan tam azad olduğunu görmək mümkündür. Elə Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi müxtəlif miqyaslı sərgilərdə uğurlu iştirakı da onun yaradıcılıq axtarışlarının düzgülüyündən xəbər verir. Qənaətimizcə, bu prosesdə ən önəmlisi rəssam üçün janr məhdudiyyətinin olmamasıdır. Müəllifin ona tanış olan məlum janrların “estetik xəritəsi”ni yaradıcı potensialına müvafiq genişləndirməkdə davam etməsini isə, bir rəssam kimi fərdi dəst-xəttinin formalaşması istiqamətində uğurlu addım hesab etmək olar. Kətan səthinə özünəməxsus texniki münasibət göstərən və daha çox palitra bıçağı (mastixin) vasitəsiı”, ilə kompozisiyanın bədii tutumda gerçəkləşməsinə çalışan rəssamın, inamlı yaxı improvizələri ilə ənənəvi qalınlığa malik olan astarın üzərində yeni bir “çalar qatı” yaratdığını görmək mümkündür. Etiraf edək ki, müəllifin kətana bu cür fərdi və fərqli yanaşması Azərbaycan rəssamlığında az rast gəlinən hal olmaqla, özünəməxsusdur.
Kətana yönəli bu cür yanama son nəticədə, kompozisiyanı təşkil edən müxtəlif ayrıntıların estetikasını təşkil edən çoxsaylı çalarların həm qabarıq, həm də işartı tutumunda görünməsini şərtləndirir. Bir qayda olaraq həmişə rəng qatının pastoz tutumuna – duyulası qalınlığına nail olan müəllifin, həm də məna - məzmun daşıyıcıları olan təsvir elementlərinin fakturasının - duyumsallığının da əldə edə bilməsini onun bu bədii-texniki prosesə dəyərli töhfəsi hesab etmək olar. Müəllifin “Xurşudbanu Natəvan”, “Nar ağacı”, “I Şah Təhmasib”, “Eşq”, “Yuxu”, “Tək ağac”, “Bakı mənzərəsi”, “Arzularımın gəmisi”, “Göy-göl”, “Sahil”, “Balıq”, “Xınalıq”, “Çay dəstgahı “, Tutuquşular”, “Narlar”, “Zənci qız” və s. lövhələrində yuxarıda vurğuladığımız bədii-estetik dəyərləri müşahidə etmək mümkündür.

 

Azərbaycan təsviri sənətində indiyə qədər Xurşudbanu Natəvan ünvanlı əsərlər kifayət qədər çox yaradılsa da, Təranə xanım onun portretinə müraciət etməklə, “Xan qızı”nın obrazına yeni çalarlar əlavə etməyə nail olmuşdur. Doğrudan da onun milli naxışlardan tərtib edilmiş haşiyə daxilində təqdim olunmuş Natəvanın portreti nikbin boyalardan “hörülmüş” ümumi koloriti ilə birlikdə çox duyğulandırıcı qəbul olunur. Şairənin nurlu çöhrəsinin Şuşanın rəmzinə çevrilmiş xarıbülbüllərlə vəhdətdə, yerli nemətlərlə təmasda görüntüyə gətirilməsi, son nəticədə, cəlbedici əsərin yaranmasını şərtləndirmişdir...
“Zənci qız” əsərində isə afrikalı gözəli milli geyimdə görüntüyə gətirən rəssam, ilk növbədə obrazın çöhrəsindəki qara rəngin “işığı”nı göstərməyə çalışmışdır. Qənaətimizcə, müəllif Azərbaycan rəssamlığında (Əşrəf Murad və Qəyyur Yunusun əsərləri) mövcud olan qara rəngin estetikasına özünəməxsus münasibətlərə bir qədər də fərqli töhfə verməklə, portretin duyğulandırıcılığını əldə etməyə nail olmuşdur.

 

Rəssam “Çay dəstgahı” tablosunun kompozisiya tərtibində milli naxışlardan geniş istifadə etmişdir. Onun butalı parça fonunda görüntüyə gətirdiyi mis samovarı əhatələyən və çay süfrəsinə zənginlik bəxş edən digər atributlar nə qədər çox olsa da, geniş yaxılarla əldə olunan bədii bütövlüyün sayəsində nikbin koloritli kompozisiya kifayət qədər gözoxşayan qəbul olunur.

 

Müəllifin “Tək ağac” tablosunun da kompozisiya həlli diqqətçəkəndir. Belə ki, azman ağacın ətraf mühitdən təcrid olunması məqsədli olub, bilavasitə, payız libasına bələnmiş varlığın möhtəşəmliyini başqalarına da sərgiləmək niyyəti daşıyır. İfadəli konfiqurasiyası ilə gözoxşayan palıdın günəş şüaları altında rəngdən rəngə düşməsində məkana rəngkar-rəssam baxışının mövcudluğunun mühüm rol oynadığı birmənalıdır. Ümumi səthdən “boylanan” rəng zərrəciklərinin “işığa” çevrilməsindəndir ki, ağacın aşağısından zirvəsinə kimi davam edən yaxı “oyunu” onun tablonun dominantı kimi qəbulunu şərtləndirmişdir.

 

Rəssamın Bayıl qəsəbəsindəki emalatxansının doğma paytaxtımızı günün müxtəlif vaxtlarında müşahidə etməyə imkan verməsi, vaxtaşırı onun Bakı ünvanlı əsərlər yaratmasına imkan vermişdir. Onun “Bakı gecəsi”, “Sahil”, “Bakı limanı” və s. əsərlərində “küləklər şəhəri”nin bir-birindən fərqli ovqat daşıyıcılığına malik görüntüsünü görmək mümkündür. “İşıqlar dənizi”ndə çimən, ay işığı altında “mürgüləyən” liman qurğularına müəllifin bədii yanaşmasında məkanların lirik-romantik tutumda təqdimatı lirik ovatlıdır.

 

Təranə Seyidin əksər əsərlərinin motiv seçimini çox vaxt mövzu kasadlığından şikayətlənənlərə nümunə göstərmək də olar. Onun qənaətincə, rəssam gözü ilə ətrafımıza nəzər yetirsək, gerçəklikdə müşahidə etdiyimiz obyekti və yaxud əşyanı ilham qaynağına çevirmək olar. Deyilənlərin təsdiqini onun “Arzularımın gəmisi”, “Balıq”, “Narlar”, “Çil-çıraq”, “Güllər”, “Hovuz”, “Köhnə avtomobil”, “Motosiklet” və b. əsərlərin timsalında görmək mümkündür. Çox vaxt gözümüzdə adiləşənlərə duyğulandırıcı münasibət göstərən rəssam, onları həm də mənalandıra bildiyindən, bədii görkəm almış bu əşya və varlıqlar düşündürücü baxılırlar.

 

Təranə Seyidin yuxarıda şərh etdiyimiz əsərlərinin dolğunluğu ilə fərqlənən estetikası göstərir ki, realizm çoxların düşündüyü kimi məhdud yox, hər bir yaradıcının təxəyyülünün pərvazlandıra biləcək əbədilyi danılmaz olan bədii prinsipdir. Elə bu sərhədsizliyin nəticəsidir ki, Rəssamın haqqında söz açdığımız müxtəlif janrlı rəngkarlıq əsərləri belə yaddaqalandırlar...

 

P.S. Yazı “Mədəniyyət” qəzetinin 27 aprel tarixli sayında çap olunub.

 

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadim, professor

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020