Xumar Novruzova: Öskürəyin yaranma səbəbləri hansı xəstəliklərdir?

Xumar Novruzova: Öskürəyin yaranma səbəbləri hansı xəstəliklərdir?

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Həkim məsləhəti” rubrikasında “Öskürəyin yaranma səbəbləri hansı xəstəliklərdir?” sualını cavablandırıb.

Bədənin müdafiə mexanizmləri arasında öskürək önəmli yer tutur. Öskürək orqanizmin müdafiə reaksiyası olub, tənəffüs yollarını yad və zərərli amillərdən, bəlğəm və toz hissəciklərindən təmizləmək üçün mövcud olan refleksdir. Bu halda öskürəklə mübarizə aparmaq əvəzinə, əksinə, ona işində mane olmamaq lazımdır. Yəni, öskürək qurudursa, otagın havası nəm və çox isti olmamalıdır. Xəstə bol miqdarda maye qəbul etməli, özünü soyuqdan qorumalıdır.

Bəlğəmlı oskürəyin əlacı isə bitki və bəzən kimyəvi tərkibli çoxsaylı vasitələrdir ki, bunlar barədə tibb sahəsindən uzaq olan insanlar da kifayət qədər xəbərdardırlar. Xatırladım ki, öskurək refleksini törədən səbəblərin 90%-i viruslu xəstəliklərin payına düşür. Lakin öskürək bəzən patoloji xarakter də daşıya bilər. Bu zaman o, müdafiə funksiyasından çox, hər hansı xəstəliyin əlamətlər zəncirində bir halqa rolunu oynayır.

Öskurəyin məhz bu səbəbləri barədə onu deyə bilərəm ki, tənəffüs orqanalarının çoxsaylı xəstəlikləri öskürək refleksinin yaranmasında liderdir. Bunlara bronxit, bronxial astma, pnevmoniya, plevrit, agciyər xərçəngi, agciyər vərəmi və s. aiddir. Digər səbəb LOR orqanları xəstəlikləridir. Bunlara aiddir: faringit, laringit, qırtlaq xərçəngi, adenoidlər. Qeyd edim ki, hətta qulaq kiri belə öskürək yarada bilər.

Öskürəyin səbəblərindən biri də ürək qan-damar sistemi xəstəlikləridir. Bunlara ürək çatışmazlığı, aortanın anevrizması, pulmonar trombo-emboliya və perikarditlər aiddir. Bu xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatlarından APF-inhibitorlari (kaptopril, enalapril və s.) və amiadaronun yan təsiri kimi quru öskürək tutmaları heç də nadir hadisə deyil.

Öskürək yaradan növbəti "təqsirkar" qrup həzm sistemi xəstəlikləridir. Bunlara diafraqmal yırtıq, qastroezofageal reflüks, diafraqmaaltı abses aiddir. Eyni zamanda metabolik pozğunluqla keçən podaqra xəstəliyi, zob və strumektomiya (zob əməliyyatı), həmçinin, psixoemosional gərginlik, dağ xəstəliyi də öskurəyə səbəb ola bilər.

Öskürəyin səbəbini aşkar etmədən onu özbaşına müalicə etmək yolverilməzdir. Ona görə də, xəstələrin oskürək simptomuna etinasız yanaşmayıb səbəbini aydınlaşdırmaq və müvafiq müalicə taktikası seçmək üçün vaxtında həkimə müraciət etməyi məsləhətdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020