Ülkər Məhərrəmova 24-30 aprel İmmunlaşma həftəsi çərçivəsində immunlaşma və peyvəndlər haqqında ətrfalı məlumat verib
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının pediatr neonatoloqu Ülkər Məhərrəmova 24-30 aprel İmmunlaşma həftəsi çərçivəsində immunlaşma və peyvəndlər haqqında ətrfalı məlumat verib.
İmmunlaşma müxtəlif infeksion xəstəliklərdən qorunma üsuludur. Peyvənd sayəsində orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet yaranır. Bu həmin xəstəliklərə yoluxma riskini azaltmış və xəstəliyin yarada biləcəyi ağırlaşmaların qarşısını almış olur. İmmunlaşma sayəsində dünyada hər il ortalama 2-3 milyon ölümün qarşısını almaq mümkün olur.
Peyvənd orqanizmin təbii müdafiə qüvvələrini stimullaşdıraraq, orqanizmi xəstəliyə qarşı daha effektiv mübarizə aparmaq üçün hazırlayır. Peyvənd, virus və bakteriyaların canlı və ölü növlərindən hazırlanmış bioaktiv vasitədir. Peyvənd sayəsində orqanizmdə immun reaksiya formalaşır və gələcəkdə insan virus və bakteriyaya yoluxsa belə, immun sistemi onlarla mübarizəyə hazır olur.
Peyvəndlər istifadəyə verilməmişdən öncə klinik sınaqlardan və ciddi təhülkəsizlik testlərindən keçirilir, təhlükəziz olduğu sübuta yetirildikdən sonra tətbiq edilməyə başlanır.
Peyvəndlər uşaqlarımızı bir çox infeksion xəstəliklərdən qoruyur. Bunlara iflicə səbəb ola biləcək poliomielit, ağır pnevmoniya və hətta korluğa səbəb ola biləcək qızılca, ən çox oğlan uşaqlarında ağır fəsadlar yarada biləcək parotit, son illərdə dünyada ən çox yoluxma halları rast gəlinən hepatit B, ölüm faizi 40-60% olan, sinir sisteminə çox güclü təsir edən tetanus xəstəliklərini, yüngül infeksion xəstəlik kimi bilinən, amma ağırlaşması zamanı qalıcı fəsadlar yarada bilən su çiçəyi xəstəliyini və bir çox digər infeksion xəstəlikləri misal göstərmək olar.
Əgər şəxsdə, öncəki peyvəndlərdə anafilaktik reaksiya görülübsə, o zaman peyvənd təkrar edilməməlidir və həmin peyvəndin vurulması əks-göstəriş sayılır. Peyvənd olunduqdan sonra bəzən 2-3 gün ərzində bədən hərarətinin yüksəlməsi, peyvənd yerində yerli reaksiya görülə bilər. Bu zaman həkim nəzarəti ilə qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Əgər hər hansı bir səbəbdən peyvəndlər arasında interval uzanarsa, həkimin nəzarəti ilə peyvəndlənmə qaldığı yerdən davam etdirilməlidir.
Həmçinin, valideynlərin uşaqlarını peyvənd etdirməkdən imtina səbəblərindən birinə toxunmaq istərdim. Peyvənd autizmə səbəb ola bilərmi? 1998-ci ildə britaniyalı həkim Andrew Wakefield müəyyən qrup insanlarda OMP (qızılca, məxmərək, parotit) peyvəndinin autizmə yol aça biləcəyi fikrini irəli sürmüşdür. Bununla bağlı tədqiqatçılar tərəfindən yüz minlərlə peyvənd olunmuş və olunmamış uşaqlar üzərində tədqiqatlar aparılmış və 2010-cu ildə bu fikrin əsassız olduğu sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən sənədləri saxtalaşdırdığına və yanlış məlumat yaydığına görə
Dr. Andrew Wakefieldin lisenziyasına xitam verilmişdir.
Bir çox valideynlər bu yalan məlumatlara inanaraq, təəssüf ki, uşaqlarının peyvənd olunmasından imtina edir və onları riskə məruz qoyurlar. Lakin hamı bilməlidir ki, bütün uşaqlar həkim nəzarəti ilə Dünya Səhiyyə Təşkilatının tərtib etdiyi, Azərbaycan Səhiyyə Nazirliyinin təsdiq etdiyi Milli Peyvənd təqviminə əsasən vaxtı-vaxtında peyvənd olunmalıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)