Azərbaycan səfirliyi Polşada iftar süfrəsi açıb - FOTO

Azərbaycanın Polşadakı səfirliyi Ramazan ayı ilə əlaqədar növbəti xeyriyyə aksiyasını Belostok şəhərində keçirib.  Səfirliyin təşkilatçılığı və dəstəyi ilə açılan iftar süfrəsində Polşanın müftisi Tomaş Miskeviç başda olmaqla, Polşa Müsəlmanları İttifaqının, yerli tatar icmasının təmsilçiləri, o cümlədən şəhərdə təhsil alan müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.


Polşanın müftisi T.Miskeviç iftar süfrəsi ilə bağlı fikirlərini bölüşən zaman aksiyanın keçirilməsindən məmnunluğunu ifadə edərək, tədbirin əsl həmrəylik, dostluq, qardaşlıq və xeyirxahlıq kimi universal dəyərlərə ehtiva etdiyini bildirib. O, qısa zaman ərzində Azərbaycan səfirliyinin ölkədəki müsəlman icması üçün olduqca dəyərli tərəfdaşa çevrildiyini vurğulayıb. T.Miskeviç oxşar tədbirlərin digər müsbət cəhətləri ilə yanaşı, Polşanın müsəlman əhalisi arasında Azərbaycana qarşı rəğbəti təşviq etdiyini bildirib.


Ramazan ayının xeyirxahlıq, bölüşmək və başqalarına qayğı göstərmək üçün xüsusi zaman kəsiyi olduğunu vurğulayan səfir Nərgiz Qurbanova Azərbaycanda Ramazan verilən önəmi qeyd edərək onun ehtiva etdiyi nəcib məqamlardan danışıb. Səfir bütün məclis iştirakçılarına qarşıdan gələn Ramazan bayramı münasibəti ilə xoş və səmimi təbrikləri çatdıraraq, gələcəkdə Azərbaycan və Polşa xalqları arasında əlaqələrin daha da parlaq nailiyyətlər qazanacağına olan inamını ifadə edib.


Belostok məscidində baş tutan iftar məclisində Azərbaycan mətbəxinin təamları qonaqlara təqdim olunub, daha sonra Azərbaycan şirniyyatları ilə çay süfrəsi açılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020