Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində regionun saz-söz adamları ilə görüş keçirilib - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Tovuz Rayon İcra Hakimiyyətinin və Ağsafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində regionun saz-söz adamları ilə görüş keçirilib. Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan saz ifaçısı və aşıqların, regionda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin saz müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə regionda aşıq sənətinin inkişafı, canlandırılması və s. məsələlər müzakirə olunub.


Giriş sözü ilə Tovuz RİH-nin Başçısı Məmməd Məmmədov çıxış edərək Aşıq sənətinin Azərbaycan xalqının tükənməz milli-mənəvi sərvətlərindən biri olduğunu bildirib,  bu gün ölkəmizdə aşıq sənətinə göstərilən dövlət dəstəyi və qayğıdan danışıb, dünyada yeganə bu tipli mərkəz olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin Tovuzda inşa olunmasının da məhz bu dəstəyin təzahürü olduğunu bildirib. İcra Başçısı həmçinin, bölgədə aşıq sənətinin inkişafı, təbliği istiqamətində bir sıra tapşırıq və tövsiyələr verib.


Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev ruhumuzu qidalandıran aşıq sənətinin nümayəndələri ilə görüşməkdən məmnunluğunu, İcra Başçısına dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib. İdarə rəisi çıxışında Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini qeyd edib, həmçinin bu bölgənin aşıq sənətinin mərkəzi olduğunu vurğulayıb, regionda aşıq sənətinin inkişafı və təbliği üçün aşıqların bu ocaqda mütəmadi görüşməsinin, gənclər arasında aşıq sənətinə marağın daha da artırılmasının yollarını axtarmağın vacibliyini bildirib. İdarə rəisi həmçinin bu istiqamətdə mütəmadi olaraq aşıq festival-müsabiqələrinin keçirilməsi təklifini dilə gətirib, eyni zamanda may ayında Tovuzda böyük bir saz-söz şöləninin keçirilməsinin planlaşdırıldığını bildirib.


Görüşdə həmçinin aşıqlar, müəssisə rəhbərləri və başqaları mövzu ətrafında təkliflərlə çıxış edib, aşıq sənətinin stimullaşdırılması mövzusu geniş müzakirə olunub.


Tədbir muzeyin birinci mərtəbəsində yerləşən kafedə çay süfrəsi arxasında səmimi söhbətlər və aşıqların maraqlı ifaları ilə davam etdirilib.


Sonda xatirə şəkilləri çəkdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020