Hümbət Quliyev: Gündəlik ləzzət ehtiyacı haqqında
Bu xəbəri paylaş
Hümbət Quliyev: Gündəlik ləzzət ehtiyacı haqqında
İnsanın hava və suya ehtiyacı olduğu qədər ləzzət hissinə də ehtiyacı var. Ləzzət dedikdə mən insanın bütün müsbət emosiyalarını nəzərdə tuturam.
Ləzzət beyinin gündəlik ehtiyac duyduğu "qidadır". Beyinin ləzzət aclığı depressiyalara yol açır. Düşünürəm ki, beyin öz ləzzət aclığını depressiya şəklində ortaya qoyur. Biz beyinin gündəlik ləzzət ehtiyacını, gündəlik qida ehtiyacı kimi qarşılamağa çalışmalıyıq. Bəli, məhz çalışmalıyıq!
Bunu da gündəlik ehtiyaclar cədvəlimizə salmalıyıq.
Təsəvvür edin ki, beyin öz gündəlik ləzzət ehtiyacını ödəmək üçün orqanizmi pis vərdişlərə( siqaret,içki və s.) belə təhrik edə bilir.
Bu olmasın deyə biz beynimizə sağlam ləzzətlər təqdim etməliyik.
Özü də hər gün.
İlk olaraq qara eynəyinizi çıxarın. Həyat rəngli və gözəldir. Bilməliyik ki, hər birimiz seçilmişik və bu həyata gəlməyimiz inanılmaz bir şansdır.
Hər səhər oyandığınıza şükr edin, qarşıdakı günə də özünüzü nikbin kökləyin.Problemlər var və olacaq, hər bir problemimiz ağlımıza verilən yaxşı imkandır. Siz homo sapiens- ağıllı insan növünə aidsiniz.
Qaçaraq olan həyatdan ayaq saxlayın, dayanın. Ümumiyyətlə hərdən dayanmağı özünüzə vərdiş edin. Ətrafınıza boylanın. Hər şeyin yaxşı tərəfini görməyə çalışın.
Neqativ emosiyalara vərdiş ən pis vərdişdir. Bəziləri bunun narkomanıdır da. Belə insanlar üçün həyat fonu narazılıqlardan, səbəbsiz əsəbiləşməkdən, kədərlənməkdən və s. ibarətdir. Belələri ətraflarına bu xüsusiyyətlərinə şahid qismində çoxlu insanları da toplamağa çalışırlar. Belə insanlardan uzaq olun.
FB- də belələri az deyil, təəssüfsüz onları dostluğunuzdan çıxardın, əgər özünüz də onlardan biri deyilsinizsə!?
Öz əzizinizə- özünüzə ləzzət üçün gündə vaxt ayırmağa qayda edin.
Sizə xoş olan insanlarla olun, sizə məmnuniyyət gətirən işlərlə məşğul olun.
Öz içinizdə həmişə yaşayan uşağı sevindirin, qeyri- ciddi görünməkdən çəkinməyin.
Özünüzü yaxşılıqlara açıq saxlayın. Özünüzün, ətrafdakılarınızın xırda belə uğurlarına ürəkdən sevinin. Yaxınlarınızı sevindirməyə səbəb tapıb onlarla birlikdə sevinin. Lətifələr oxuyun, danışın.
Piyada gəzərək, idman edərək, əzələ sevinci yaşayın. Günəşə, mehə, çiçəyə sevinin. Görürsünüz, eşidirsiniz, duyursunuz. Bundan böyük sevinc olarmı?
Sevin, sevilin. Sevimli məşğuliyyətləriniz olsun.
Olanınızla bölüşün,bölüşmək ləzzətini yaşayın.
Dadlardan, qoxulardan, xoş təmaslardan, musiqidən feyziyab olun. Ağıllı, mehriban insanlarla ünsiyyətdə olun.
Sonda bir misalla fikrimi tamamlamaq istəyirəm. Bir dilim qara şokoladı ağzınıza qoyun. Onu adətiniz üzrə yeyin. Şokoladın şirin olduğunu hiss etdiniz.
İndi rahat oturub bir dilim şokoladı ağzınıza qoyun. Gözlərinizi yumub fikirinizi şokalada cəmləyin. Ağız şirəsi tədricən şokaladı əridir, siz dilinizlə şokoladın hamarlaşan səthini hiss edəçəksiniz. Bu hamarlığa heyran olun. Şokaladın əriyən şirəsi dad reseptorlarınızı həyacanlandırır, onlar təkrarolunmaz dadın içərisində onun şirinliyini, kokaonun əsrarəngiz incə acılığını duyurlar. Minlərlə dad reseptoru beyinin dad mərkəzinə xoş mesajlar göndərir. Boğazınız da bu şirinliyi duyur və xoş avazla məmnunluğunu bildirir. Beyniniz aldığı xoş siqnallardan kefə qərq olur, və biz bu prosesdən iştirakçı kimi ləzzət duyursunuz.
Ləzzət təfəkkürünüzə belə sirayət edir və siz xoşhallanırsınız.
Həyat da şokalad dilimi kimidir. Onu tez çeynəyib uda da bilərsiniz, ya da bu dilimi ləzzətlə, özünüzü də, beyninizi də sevindirərək yaşaya bilərsiniz.
Yaşadığınız həyatı ləzzətlə yaşamağınızı arzulyıram.
Hümbət Həsənoğlu
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)