Masallıda şəhid Famil Əlizadənin doğum günü qeyd edilib (AZpress.AZ, Akif Ağayev, +FOTO=15)

Masallıda şəhid Famil Əlizadənin doğum günü qeyd edilib (AZpress.AZ, Akif Ağayev, +FOTO=15)

Masallıda şəhid Famil Əlizadənin doğum günü qeyd edilib (AZpress.AZ, Akif Ağayev, +FOTO=15)

 

Vətən müharibəsi şəhidi Famil Əlizadənin doğum günü Masallı rayonunun Ərkivan qəsəbəsində qeyd edilib.

 

Mayın 3-də, şəhidin adına tikilən xatirə bulağının önündə təşkil olunan anım tədbirində rayon rəsmiləri, o cümlədən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, RİH aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə dövlət himnimiz səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, şəhid Famil Əlizadə kimi dəmir yumruqlu qəhrəman oğullarımızın sayəsində 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilərək xalqımıza Qələbə sevincinin bəxş edilməsinin mühüm əhəmiyyətindən bəhs edib.

 

Şəhid Vüsal Məhərrəmlinin atası Aslan Məhərrəmov, qazi Bəxtiyar Adıgözəlov, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov və başqaları Vətən yolunda canından, qanından keçən cəsur əsgərimiz Famil Əlizadənin döyüşlərdə göstərdiyi şücaətdən danışaraq qeyd ediblər ki, xalqımız heç bir zaman öz igid qəhrəmanlarını unutmayacaq.

 

Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin şagirdləri Vətənə, qəhrəmanlarımıza, şəhid Famil Əlizadəyə həsr olunmuş şeir parçaları səsləndiriblər.

 

Şəhidin xalça üzərinə toxunulmuş portreti ailəsinə təqdim edilib.

 

Sonra şəhidin ailəsi və məzarı ziyarət olunub.

 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

Məlumat üçün bildirək ki, Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.

 

Famil Əlizadə Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri F.Əlizadə Füzuli rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Subay idi. 2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra «Vətən uğrunda», “Cəsur döyüşçü” ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Akif AĞAYEV,

jurnalist-publisist,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020