AMEA YTP-nın rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC “Teknofest Azərbaycan” festivalına rəqabətə dözümlü məhsullar təqdim edəcək

AMEA YTP-nın rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC “Teknofest Azərbaycan” festivalına rəqabətə dözümlü məhsullar təqdim edəcək 

 

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə 20-dən çox çeşiddə texnoloji məhsulunu təqdim edəcək.

 

Bu barədə “Təcrübə-Sənaye Zavodu” MMC-nin icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov məlumat verib. O, “Təcrübə-Sənaye Zavodu” MMC-nin bu kimi irimiqyaslı sərgilərdə mütəmadi olaraq iştirak edərək ölkəmizi layiqincə təmsil etdiyini deyib. Bildirib ki, zavod hazırda 80-dən çox çeşiddə məhsulun istehsalını həyata keçirir.

 

“Teknofest Azərbaycan”da təqdim olunacaq məhsullarımız əsasən bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağlarıdır”, - deyə qeyd edən S.Rüstəmov sərgidə ilk dəfə olaraq hərbi təyinatlı yağların nümayiş olunacağını bildirib. İcraçı direktor bu məhsulların hər birinin rəqabətqabiliyyətli olduğunu, bir çox keyfiyyətlərinə görə analoqlarından fərqləndiyini diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, məhsulların hazırlanmasında AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının mütəxəssisləri yaxından iştirak edib və bu məhsullar həmin institutlarla birgə həyata keçirilən layihələr çərçivəsində istehsal edilib. S.Rüstəmov bildirib ki, qeyd olunan texnoloji məhsullara həmin institutların mütəxəssisləri tərəfindən patentlər alınıb.

 

İcraçı direkor bu kimi yüksək səviyyədə icra olunan sərgilərin AMEA-da istehsal edilən ən son texnoloji yeniliklərin geniş auditoriyaya çatdırılmasına, akademiyanın elmi və istehsalat potensialının nümayişinə imkan verdiyini vurğulayıb. O, müəssisənin istehsal etdiyi məhsulların “Teknofest Azərbaycan” sərgisi iştirakçılarının böyük marağına səbəb olacağına inamını ifadə edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020