Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ - DAHA ETİBARLI TƏHSİLƏ GEDƏN YOL

 Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ:

DAHA ETİBARLI TƏHSİLƏ GEDƏN YOL

 

Naxçıvan Dövlət Universiteti cari tədris ilində də uğurlarına inamla və qətiyyətlə davam etməkdədir. Ardıcıllığa söykənən islahatların təhsil sahəsindəki proseslərə hərəkətverici təsirinin tənzimlənməsi, səmərəli tədris idarəetməsinin zəruri təsisatlarının yaradılması, etibarlı ixtisaslaşma mühitinin formalaşdırılması və başqa bir çox təminatlar Naxçıvan Dövlət Universitetinin ən yeni inkişaf tarixinin qürurverici göstəricilərindəndir. Universitetimiz formalaşdırmış olduğu potensialla müasir dövrün tədrisyönümlü çağırışlarına səs verməklə, bu sahədəki təcrübəsini daha da təkmilləşdirməkdədir. Bir tərəfdən, nəzəriyyədən təcrübəyə keçidin elmi əsaslarının işlənməsində, bir tərəfdən, istehsalat, yeni təsərrüfatçılıq və idarəetmə xüsusiyyətlərinə səmərlilik gətirəcək təşəbbüs və layihələrin ortaya qoyulmasında, digər tərəfdən isə, bütün ixtisas və fakültələrin qarşılıqlı əlaqəliliyini, eyni zamanda, mobilliliyini təmin edəcək, bütövlükdə isə, Ali məktəbimizin daha mütərəqqi tədris proseslərinin bərqərar olunmasında bu təcrübənin zəruri əhəmiyyətini qeyd etmək yerinə düşər.
Qeyd olunanların ali təhsil şəbəkəsinin iqtisadi, sosial, mədəni, hüquqi, texniki mühit üzrə dayanıqlılığına təsiri olduqca böyük olmaqdadır. Belə ki, artıq Texnopark quruculuğu proseslərində təşkilatlanma tədbirləri davam etdirilməklə, onun struktur bölmələrinin müəyyən olunması, tələbələrin yaradıcılıq imkanlarının nəzərə alınması, artırılması və təkmilləşdirilməsi istiqamətində zəruri hədəflər daha da əlçatan olmaqdadır. Təbii olaraq, Texnoparkın inşa olunması Naxçıvan Dövlət Universitetinin ən yeni tədris standartlarına uyğunlaşmasının və elə müasir dövrün tədrisyönümlü çağırışlarına səs verməsinin çox gerçək ifadəsinə çevrilməkdədir. Həmçinin, Texnopark quruculuğu Naxçıvan Dövlət Universitetinin regional inkişafdan beynəlxalq əməkdaşlığa istiqamətlənmiş olan keçid mərhələsinin əsaslandırılmış, məqsədyönlü və çeviklənmiş ifadəsidir.
Bu bir həqiqətdir ki, universitetin beynəlxalq əməkdaşlığı artıq iki ildir ki, çox yüksək təcrübəyə əsaslanan təşkilatçılıqla davam etməkdədir. 2021-ci ilin 8-16 iyul tarixlərində bu sahədə ilkin addımlar atılmışdır. Həmin tarixlərdə qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu Ali Məktəblərinə təşkil olunan səfərlər qarşılıqlı əməkdaşlıqların hərəkətverici qüvvəsinə çevrilmiş oldu. Bu sahədəki, tədbirlər hazırkı 2022-ci ildə də qətiyyətlə davam etmiş, xüsusilə də, 30 mart-01 aprel tarixlərində qardaş Türkiyənin nüfuzlu universitetlərindən olan İstanbul Texnik, Ankara, Qazi universitetlərinin rektorları rəhbərlik etdikləri nümayəndə heyətləri ilə ali məktəbimizdə olmuşlar. Səfər zamanı bir sıra əlamətdar görüşlər keçirilmiş və qarşıdakı dövrlər üzrə zəruri layihələrin və əməkdaşlıqların davamlılığı sahəsində qarşılıqlı anlaşmalar əldə olunmuşdur. Bununla da, universitetimiz mövcud tədris potensialının, texnoloji təchizat imkanlarının, innovativ idarəetmə perspektivlərinin düzgün dəyərləndirilməsinə və bunun əsasında uzunmüddətli məqsədlərinin reallaşmasına real olaraq təminat yaratmış oldu. Eyni zamanda, ikili diplom layihələrinin qüvvəyə minməsi, bu sahədəki ixtisaslaşmanın, kadr və mütəxəssis hazırlığının daha effektiv təşəkkülü istiqamətində razılığa gəlinmişdir. Artıq universitetimiz bu sahələr üzrə yeni keyfiyyət mərhələsinin başlanğıcını qətiyyətlə müəyyən etmişdir. Həmin mərhələdə isə hər birimiz reallaşacaq əməkdaşlıqların Texnopark sahəsi üzrə daha məhsuldar olmasının şahidləri olacağıq.
Naxçıvan Dövlət Universitetinin hörmətli Rektorumuzun təcrübəli rəhbərliyi əsasında əldə etmiş olduğu uğurlar nəzərdə tutulan tədbirlərin reallaşmasına tam hazır olduğunu deməyə əsas verir. Belə ki, artıq universitetimizin fakültələri üzrə beynəlxalq əməkdaşlıqlar, qlobal təhsil proseslərinə inteqrasiyanın daha da sürətlənməsi sahəsində mühüm göstərici olacaq, ingilis dilində ixtisasların açılması və uğurlu qəbul göstəriciləri ilə nəticələnməsi ilə daha da şaxələndirilmiş forma almış olacaq. Burada, iqtisadiyyat ixtisası ilə yanaşı, tibb, həmçinin memarlıq və mühəndislik ixtisasları üzrə tənzimləmələrin də olduqcasəmərəli nəticələrini qeyd etmək olar.
Naxçıvan Dövlət Universitetində həyata keçirilən tədbirlər məqsədyönlüdür, səmərəliləşdirici layihələrin, fəaliyyətin və nəticələrin müəyyən olunmasına əsaslanır. Bu məqsədlə, tədris proseslərinin müasir tələblər səviyyəsində qurulması, təhsildə keyfiyyət təminatına nəzarətin gücləndirilməsi, akkreditasiya qaydalarına müvafiq qaydada sənədləşmə dövriyyəsinin reallaşması məsələləri də diqqətdə saxlanılmaqdadır. Qeyd etmək olar ki, 04-08 aprel tarixlərində məhz Təhsildə Keyfiyyət Təminati Agentliyinin (TKTA) təlim və metodologiya şöbəsinin müdiri, peşəkar mütəxəssis Asiman İlyasov tərəfindən təlimin keçirilməsi də bu sahədəki proseslərin məntiqi nəticəsi olmaqla, çox əhəmiyyətlidir.Təlimdə qeyd olunan müddət ərzində:
- Agentliyin Akkreditasiya Komissiyasinin Əsasnaməsi;
- Təhsildə Keyfiyyət Təminati Agentliyi ilə tanışlıq;
- Akkreditasiyaya dair əsas anlayışlar;
- Akkreditasiya Komissiyasının vəzifə və hüquqları;
- Təhsil müəssisəsinin vəzifə və hüquqları;
- Agentliyin vəzifə və hüquqları barəsində ətraflı məlumatlar verilmişdir.
Burada eyni zamanda, Akkreditasiya qaydalarına dair təlimdə keyfiyyət, keyfiyyət təminatı, keyfiyyətə nəzarət anlayışlarının izahını verilmişdir. Bunlarla yanaşı, eyni zamanda, xarici və daxili keyfiyyət təminatı anlayışlarına yer verilmiş, izah olunmuşdur ki, keyfiyyət hər hansı bir obyektin (məhsulun və ya xidmətin) konkret müəyyən olunan və nəzərdə tutulan ehtiyaclara, standartlara cavab vermə qabiliyyətini özündə ehtiva edən xüsusiyyət və əlamətlərin cəmidir.
Təlimdə qeyd olunmuşdur ki, Akkreditasiya qaydalarına əsasən daxili keyfiyyət təminatının tənzimləyici mexanizmi Azərbaycan Respublikasının Təhsil haqqında qanunudur. Həmçinin, bildirilmişdir ki, qanunvericilikdə daxili keyfiyyət təminatı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi, Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında və s. nəzərə alınmalıdır. Təlimdə, Akkreditasiya Şurası haqqında Əsasnamənin təsdiq olunması barəsində qeydlər, Keyfiyyət Təminatı Siyasəti haqqında da qeyd olunmuşdur.
Göstərilmişdir ki, Keyfiyyət Təminatı Siyasəti Azərbaycan dövlətinin təhsil siyasəti və cəmiyyətin inkişaf perspektivləri nəzərə alınmaqla, ali təhsilin yüksək səviyyədə təşkili beynəlxalq rəqabətliliyin artırılması yolu ilə, əmək bazarının tələblərinə uyğun yaradıcı, müasir düşüncəli və yüksək ixtisaslı kadr-mütəxəssislərin hazırlanmasından ibarət olmaqdadır. Bunlarla yanaşı, təlimçi tərəfindən informasiyaların idarə olunması barəsində təlimat da təlim müddətində iştirakçılara izah olunmuşdur.
Təlim müddətində Strateji idarəetmə barəsində də müzakirələr aparılmış, xüsusilə də, daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması, strateji planın yazılmasına dair təlimat kitabçası, o cümlədən, SWOT təhlili, PESTEL təhlili, Gələcəyə baxış, missiya, əsas dəyərlər, əsas hədəf və məqsədlər, fəaliyyətin planları, fəaliyyətin ölçülməsi və s. amillər diqqətə alınmışdır.
Xüsusilə, müəllimlərin kriteriyalar üzrə qiymətləndirilmə nümunəvi protokolu, təhsil müəssisəsinin akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Appelyasiya Komissiyasının Əsasnaməsi, Təhsil proqramlarının dövri qiymətləndirilməsinə dair təlimat, Tədris resursları və tələbələrə dəstək sisteminə dair təlimatlar, tələbəyönlü öyrənmə, tədris və qiymətləndirməyə dair Təlimat barəsində məlumatlar verilmişdir.
Təlimdə həmçinin nümunəvi sillabus barəsində də ətraflı məlumatlar verilmiş, onun dolğun məlumatlılıq göstəriciləri izah olunmuşdur. Təlimlər iştirakçıların suallarının cavablandırılması ilə baş tutmuşdur.
Bir sözlə, Naxçıvan Dövlət Universiteti öz fəaliyyətini bütövlükdə ölkənin sosial və iqtisadi inkişaf proseslərinin daha səmərəli davamlılığı istiqamətində uğurla reallaşdırılmış olan islahatlara öz töhfəsini verməkdədir. Elə buna görə də, həyata keçirilmiş olan tədbirlər ardıcıldır, əlaqələidir və fasiləsizdir.
İstinad etdiyimiz proseslər çərçivəsində cari ilin 11 aprel tarixində Ali məktəbimizdə yeni bir inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Elmi axtarışların davamlılığı, əhatəliliyi və dinamikliyi sahəsində proseslərin daha da sürətlənməsinə təkan olacaq tədbir reallaşmışdır. Bu, Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasından ibarət olan nailiyyətdir. Həqiqətən də bu, nailiyyətdir.
Çünki, hazırkı modernləşmə mərhələsində milli iqtisadiyyatların inteqrasiya olunduğu, mədəniyyətlərarası dialoqların daha da inkişaf zərurətinin aktuallaşmış olduğu zamanda, həm də dünya elminə xas olan yeniliklərin tələb olunan səviyyəsinin təşəkkül tapması zəruriliyi ilə seçilir. Məhz belə bir mərhələdə Naxçıvan Dövlət Universitetində yeni mərkəzin istifadəyə verilməsi, bütövlükdə, gələcək üzrə istiqamətlənən yolların tələbələrin, gənclərin, bütövlükdə elm və araşdırma adamlarının üzünə açıq olacağını ifadə etməkdədir.
Bu, həm də, universitetimizin beynəlxalq əməkdaşlıqlarının uğurlu nəticələrinə işıq salacaqdır. Çünki, gənc elm adamlarının, tədqiqatçıların ixtisaslaşma və peşəkar mütəxəssisliyə doğru atılan addımlarında lELTS qeydiyyat və imtahan mərkəzinin mövcudluğu həm strateji uğur, həm vacib mərhələ, həm də hədəfə doğru daha da əlçatanlıq gətirmiş olacaqdır.
Bir sözlə, Naxçıvan Dövlət Universiteti elmin qapısına doğru yaxınlaşan hər kəs üçün həmin qapının açarını təqdim edir, onu işıqlı gələcəyə doğru istiqamətləndirir. Burada, dünənin izi, bu günün yolu, sabahın və gələcəyin isə konkret ünvanı var.
Hərtərəfli dövlət qayğısından ruhlanan universitetimiz gələcəyə doğru yönəlmiş yolda inamla, məğrurluqla, qətiyyətlə, yüksək elmi baza ilə addımlayır və bu proseslərdə çoxminli təcrübəli və peşəkar pedaqoji kollektivin birliyindən ruhlanmaqla addımlayır. Hər bir tələbə, hər müəllim konkret hədəflər istiqamətində eyni məqsəd, eyni maraq, eyni hədəf istiqamətində fəaliyyətini davam etdirməkdədir. Əsl Vətənpərvərlik ruhunun ifadəsi olan bu dəyərlər, davamlı uğurlarımızın da qürurverici sevinclərini yaşatmaqdadır.Bu günlər həmin sevindirici günlərin daha bir qürurunu yaşadıq. Türk Ağsaqqalları Birliyinin, tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çox əlamətdar olması ilə yadda qalmışdır. Səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində tədbirlərin, ustad dərslərin keçirilməsini, bunlarla da, ali məktəbimizin daha bir uğurunu qeyd etmək olar. 05 may tarixində Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı qeyd olunub.
Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktiki konfrans keçirilməsi də bu sahələr üzrə yaddaqalan gün olacaqdır. Tədbir zamanı dəyərli qonaqlar tərəfindən də Ulu Öndər Heydər Əliyevin həmişəyaşar ideyaları ilə inkişaf edən ölkəmizin bütün regionlarında, xüsusilə də, Naxçıvan Muxtar Respublikasında davamlı və dinamik sosial-iqtisadi inkişaf barəsində böyük məhəbbətlə söz açıldı. Və həmin müstəvidə Naxçıvan Dövlət Universitetinin keçdiyi sevindirici inkişaf yolu xüsusilə qeyd olundu.
Naxçıvan Dövlət Universiteti bütün bu potensialla həm də yaradılmasının 55 –ci ilini böyük uğurlarla yaşamaqdadır. Keçən müddətlər ərzində həyata keçirilən tədbirlər universitetin təhsil sahəsi ilə yanaşı, eyni zamanda, milli iqtisadiyyat sahəsindəki perspektivlərinə də töhfə verməkdədir. Xüsusilə:
- islahatyönümlü təhsil standartlarının;
- modernləşmə ilə səsləşən araşdırma vərdişlərinin;
- yaradıcı ideyaların;
- biznes təşəbbüslərinin;
- idarəetmənin;
- təhlil və proqnozlaşdırma bacarıqlarının;
- infrastruktur təminatının;
- təsərrüfatçılıq fəaliyyətinin;
- texnoloji və innovativ xüsusiyyətlərin və digər bu kimi amillərin özünə yer aldığı bir potensialla universitetimiz qürurverici fəaliyyətinin 55-ci illinə qədəm qoymaqdadır.
Beləliklə, Naxçıvan Dövlət Universiteti özünün inkişaf istiqamətli fəaliyyətilə ölkənin təhsil sahəsindəki proseslərinə daha da etibarlılıq gətirməkdədir. Burada əldə olunan nailiyyətlər regional xüsusiyyətlərdən qloballaşan dinamikaya keçidin mütərəqqi modelini təqdim etməkdədir. Məhz bu protensialla qarşıdakı mərhələlərdə daha böyük uğurların şahidi olacağıq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020