Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" qeyd olunub +FOTO=13

Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" qeyd olunub +FOTO=13

Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" qeyd olunub

 

Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub. Bu münasibətlə muzeydə toxunan “Düşüncələr” adlı xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi, naxışlı həsirin toxunması üzrə ustad dərsi və “Uçan xalça” marionet tamaşasının premyerası keçirilib.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Əməkdar mədəniyyət işçisi, xalçaçı Zəhra Əliyeva, Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin müdiri Aydın Rəcəbov, muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov çıxış edərək “Xalçaçı günü” münasibətilə bu qədim xalq sənətinin qorunub inkişaf etdirilməsində xidməti olan hər kəsə təbriklərini çatdırıblar. Onlar həmçinin “Düşüncələr” xalçasının ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, “Düşüncələr” xalçası 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi olan rəssam Eldar İbadullayevin eskizi əsasında toxunub. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən yeddi aya ərsəyə gəlib. Texniki eskizin hazırlanması, rənglərin seçimi və digər hazırlıq işlərində muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov başda olmaqla xalçaçı-rəssamlar da iştirak ediblər. Xalçada 40 rəng və onların çalarlarından istifadə olunub.

 

“Xalçaçı günü” peşə bayramında muzeydə naxışlı həsirin toxunması üzrə bu qədim sənət növü ilə məşğul olan sənətkar, Astaranın Kakalos kənd sakini Rüfət Rzayev ustad dərsi də keçib.
Tarixi Neolit dövrünə gedib çıxan həsirlər Azərbaycan xalçalarının “əcdadı” sayılır. Onlar əsrlər boyu əvəzsiz məişət əşyası olmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət kəsb edib. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi mütəmadi olaraq ictimaiyyətin diqqətini həsirçiliyin qorunmasına, yenidən dirçəldilməsinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinin davamlı inkişafına və ətraf mühitin mühafizəsinin vacibliyinə yönəltmək məqsədilə “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” layihəsini reallaşdırır. “Xalçaçı günü” ilə əlaqədar təşkil olunan naxışlı həsirin toxunması üzrə ustad dərsi də bu istiqamətdə növbəti əhəmiyyətli addımdır.

 

“Xalçaçı günü”ndə muzeyin balaca və gənc tamaşaçıları da diqqət mərkəzində olub. Onlar üçün Şuşa ili münasibətilə Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası nümayiş etdirilib. Uşaqlar arasında Azərbaycan xalça sənətinin təbliği və onların milli-mədəni irsimizə sevgi ruhunda tərbiyəsi məqsədi daşıyan tamaşada Nabat nənə nəvəsi Ömərlə sehirli xalça dünyasına səyahət edərək, vətənimizin müxtəlif bölgələrinin xalça naxışları ilə tanış olurlar. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020