Seyfəddin ƏLİYEV: Heydər Əliyev regionun ən böyük siyasi partiyasının yaradıcısıdır

 Heydər Əliyev regionun ən böyük siyasi partiyasının yaradıcısıdır


Ulu öndərin “bu günün, sabahın və gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyası otuz ildir ki, ictimai-siyasi həyatımızın uğur yoluna işıq saçır və yeni-yeni qələbələrimizə yön verir. Zamanın sınaqlarından layiqincə çıxan bu partiyanın Nizamnaməsində qeyd olunur ki, YAP ölkə Konstitusiyası və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən parlament tipli siyasi partiyadır.
Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitin gərgin bir dövründə siyasi arenaya gəlmişdir. O zaman tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində Azərbaycanda böhran vəziyyəti qorxulu həddə çatmışdı. Belə bir vaxtda onu yaratmaq və ölkəni, dövləti, xalqı xilas etmək lazım idi. Bununla bağlı bir qrup ziyalının ulu öndərə müraciəti cavabsız qalmadı və partiyanın ilk Nizamnaməsi hazırlandı. 21 noyabr 1992-ci ildə isə Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı keçirilərək ulu öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişə bilən partiya - xalqın partiyası meydana çıxdı.
Heydər Əliyev sonralar bu barədə demişdi: “Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının – ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə cavabım oldu”.
1993-cü ildə YAP-ın Sədri ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, o, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında mövqeyini möhkəmləndirdi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. 1995-ci və sonra keçirilən parlament seçkilərində Milli Məclisə mandat alan deputatların əksəriyyəti bu partiyanın üzvləri olduğundan cəmiyyətdəki nüfuzu və təsir gücünü daha da artdı.
Beləliklə, YAP isə özünün düzgün fəaliyyəti, bilavasitə milli maraqlara və dövlətçiliyə xidməti ilə qısa zamanda iqtidar partiyası statusunu doğruldub. Dahi şəxsiyyətin müdrik rəhbərliyi sayəsində inkişaf relsləri üzərinə qoyulan Azərbaycan qatarı işıqlı sabahlara doğru yön alıb.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev regionda ən böyük siyasi təşkilatın yaranmasını bütün dəqiqliyi ilə belə ifadə edib: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”. 
YAP-ın ötən il martın 5-də keçirilmiş növbədənkənar 7-ci qurultayında qeyd olunub ki, Heydər Əliyevin partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi böyük ənənələri var. Təsadüfi deyil ki, son qurultayımız ərəfəsində altı siyasi partiya - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Yurddaş Partiyası, Milli Hərəkat Partiyası və Demokrat Sahibkarlar Partiyasının Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə müraciət ediblər və bu da müsbət qarşılanıb, flaqman partiyanın sıraları daha da möhkəmlənib.
Bu il Heydər Əliyev partiyasının 30 illik yubileyi qeyd ediləcək. Bu ərəfədə qazanılan ən böyük nailiyyət Prezident, müzəffər Ali Baş Komandan və partiyamızın Sədri cənab İlham Əliyevin böyük diplomatik səyləri və sərkərdəlik məharəti ilə Qarabağıın və Şərqi Zəngəzurun 30 illik erməni işğalından azad edilməsi olub.
İnanırıq ki, ulu öndər Heydər Əliyevin yaratdığı YAP – regionun ən böyük siyasi təşkilatı bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi, nailiyyətlərimizin bayraqdarı olacaq.


Seyfəddin ƏLİYEV,
politoloq, YAP Masallı rayon təşkilatının sədri

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020