Mahir Süleymanov: BİZİM HƏRBİ KOMİSSARIMIZ

 BİZİM HƏRBİ KOMİSSARIMIZ


1924-cü ildə Şamaxıda anadan olan Ağa Əfəndiyevi həmyerliləri böyük hörmət və ehtiramla xatırlayırlar. O, 1941-ci ildə Şimali Qafqaz cəbhəsində hitlerçilərə qarşı döyüşlərə başlamış, sonra isə 4-cü Ukrayna və 1-ci Pribaltika cəbhələrində vuruşaraq qəhrəmanlıq nümunələri göstərmişdir. Leytenant Ağa Əfəndiyevin vzvodu (taqım) ağır savaşlarda çətin tapşırıqları şərəflə yerinə yetirdiyinə görə gənc zabit iki dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunmuş, bir sıra digər mükafatlara layiq görülmüşdür. Üç dəfə yaralanmasına baxmayaraq, igid azərbaycanlı balası sağaldıqdan sonra yenidən əsgərlərinin yanına qayıdaraq müharibənin sonunadək döyüşlərdə fəal iştirak etmişdir.
Ağa Əfəndiyev orduda xidmətini uzun illər Şamaxı Rayon Hərbi Komissarlığında davam etdirmiş, polkovnuk rütbəsinədək yüksəlmişdir. O, hərbi komissar kimi məsul vəzifəsinin öhdəsindən bacarıqla gəlmiş, yerli əhalinin böyük rəğbətini qazanmışdır.
Şərəfli döyüş yolu keçmiş cəsur zabit, tələbkar və qayğıkeş hərbi komissarla Sevastopolun igid müdafiəçisi olmuş atam Bəybala Süleymanovun da çox səmimi, dostluq münasibətləri var idi. Onlar vaxtaşırı rayon səviyyəli müxtəlif tədbirlərdə görüşər, çağırışçıları yüksək əhval-ruhiyyə ilə ordu sıralarına yola salar, harada xidmət keçmələrindən asılı olmayaraq hər yerdə Azərbaycanın adını uca tutmağı gənclərə tövsiyə edərdilər.
Bir müddətdir ki, 9 May – Qələbə gününə baxışların haçalandığını, münasibətlərin dəyişdiyini müşahidə edirik. Söz yox ki, tarixi həqiqətlər üzə çıxdıqca, yeni-yeni hərbi-siyasi hadisələrin fonunda fikir və düşüncələrdə baş verən şaxələnməni də anlayışla qarşılamaq lazımdır. Lakin nə olursa olsun, biz Həzi Aslanov kimi sərkərdəmizdən, sinəsi ilə komandirinin həyatını xilas edən Qafur Məmmədovumuzdan, düşmən pulemyotunu köksü ilə susduran Gəray Əsədovumuzdan, əfsanəvi partizan Mehdi Hüseynzadəmizdən, Ziya Bünyadov kimi qəhrəmanımızdan, Adil Quliyev kimi şahinimizdən, İsrafil Məmmədov kimi igidimizdən, 416-cı, 77-ci, 396-cı, 402-ci, 223-cü milli diviziyalarımızdan, on minlərlə azərbaycanlının əsgəri hünərindən və arxa cəbhədə xalqımızın göstərdiyi taleyüklü əmək şücaətindən imtina edə bilmərik!
Tarixin müxtəlif savaşlarında qəhrəmanlıq nümunəlləri ilə yetişən nəslə daim örnək olmuş ata-babalarımızla fəxr edir, qürur duyuruq!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020