YTP-nin baş direktoru STEPI-nin yaradılmasının 35 illiyi münasibətilə qurumun prezidentinə məktub ünvanlayıb
Bu xəbəri paylaş
YTP-nin baş direktoru STEPI-nin yaradılmasının 35 illiyi münasibətilə qurumun prezidentinə məktub ünvanlayıb
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) prezidenti, professor Mi Ok Muna qurumun yaradılmasının 35 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Vasif Abbasov məktubda Mi Ok Munu STEPI-nin yaradılmasının 35 illik yubileyi münasibətilə təbrik edib, quruma fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
YTP-nin baş direktoru elm və texnologiya siyasəti üzrə ixtisaslaşmış dövlət qurumu olan STEPI-nin geniş elmi-tədqiqat və inkişaf imkanlarına əsaslanaraq, elm və texnologiya fəaliyyətləri ilə bağlı müxtəlif sosial və iqtisadi məsələlərdə Korerya Respublikası üçün texniki təcrübənin təmin edilməsində mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, STEPI biliklərin idarə edilməsi və hökumət-sənaye fəal qarşılıqlı əlaqələri sayəsində Koreyanın milli rəqabət qabiliyyətinin artırılması, xüsusən də elm və texnologiyanın inkişafı üçün səylərini sərf etmiş, tədqiqat və inkişaf, sənaye iqtisadiyyatı, regional və qlobal məsələlərdə aparıcı innovasiyalara əsaslanmaqla rəqəmsal transformasiya, biosağlamlıq, iqlim dəyişikliyi, həyatın qorunması və digər sahələrdə siyasətlərin praktiki tətbiqini həyata keçirməyə çalışmışdır.
“Təsadüfi deyil ki, “Daha yaxşı elm və texnologiya- Daha yaxşı həyat” devizini əsas tutan STEPI-nin əsas məqsədi elm və texnologiyaya əsaslanan milli innovasiya siyasəti üzrə qlobal beyin mərkəzinə çevrilməkdir”, - deyə V.Abbasov məktubda qeyd edib.
Baş direktor bu il 6-cı ilinə qədəm qoyan YTP və STEPI-nin ikitərəfli əməkdaşlığının 2022-2024-cü illəri əhatə edən “AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində daha da genişləndiriləcəyinə və Azərbaycan-Koreya elmi-texnoloji əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)