Əvəz Rüstəmov: Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Məzahir Süleymanzadə haqq dünyasına qovuşdu
Bu xəbəri paylaş
Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Məzahir Süleymanzadə haqq dünyasına qovuşdu. Gülərüz, səmimi, rəftarı, söz-söhbətilə böyüklük nümunəsi Məzahir müəllim. Hamı onunla bağlı xatirələrini bölüşülür, onunla çəkilmiş fotoları paylaşır, onun jurnalistikamızdakı xidmətlərini önə çəkir. Baxdım, Məzahir müəllimlə şəklim yoxdur. Amma bir xatirəm var ki, onu bölüşməklə həm də ustadın ruhuna ehtiramımı bildirmək istəyirəm.
2016-cı il idi. Müəllifi olduğu "Cıdır düzündə toy" kitabından birini mənə hədiyyə etdi. Sənədli povesti birnəfəsə oxudum. Müəyyən müddət sonra rastlaşanda təəssüratlarımı özü ilə bölüşdüm. Təbii ki, usta qələm sahibi olan Məzahir müəllimin publisistikasında, sözü, fikri ifadə etmək tərzində özünəməxsus çalarlar vardı. Bu baxımdan hər ikisi mayın 8-də, yəni Şuşanın işğalı günündə dünyaya göz açmış əslən kəlbəcərdən olan Mətinin və şuşalı Məryəmin Cıdır düzündə toy etmək əhd-peymanının təsvir olunduğu əsərdəki zənginlik xüsusi vurğulanmalıdır. Bununla bağlı fikirlərimi bildirdim, eyni zamanda müəllifə suallar da verdim. Təxminən belə: nə vaxtdadək biz Şuşaya xəyalən gedəcəyik? Mətin və Məryəmin Cıdır düzündə toyu baş tutacaq yəni? Suallarım ədəbiyyatımızdakı Qarabağ mövzusunun illərdir qərarlaşmış Qarabağ reallıqlarını dəyişdirmədiyinə sanki bir üsyan idi. Məzahir müəllim fikrimi tutmuşdu. Bir anlıq beynində nə isə götür-qoy edirmiş kimi susdu və gərginlik dolu əminliklə Cıdır düzündə toyun mütləq baş tutacağını bildirdi. O, söhbətimizə bir də 2020-ci ilin noyabrında Şuşanın, Cıdır düzünün düşmən tapdağından xilasının ona verdiyi rahatlıq hissilə qayıtdı. 4 il öncəni xatırlayaraq yaddaşımızı təzələdik. "Artıq Cıdır düzündə toy etmək olar" deyərək xəfifcə gülümsədi.
Əlbəttə, Məzahir Süleymanzadə 20 yanvar faciəsi ilə bağlı sayı 2 milyon tirajı ötmüş "Səhər" qəzetini ərsəyə gətirməklə müasir dövr Azərbaycan mətbuatının tarixində əbədi yer tutmuş simadır. Onu tanıyanların hər birinin xatirəsində həm də jurnalistikanın təəssübkeşi, peşəyə sədaqət simvolu kimi yaşayacaqdır. Mənim xatirimdə isə daha çox "Cıdır düzündə toy"a görə qalacaqdır. Fikrimcə, bu əsər Məzahir Süleymanzadə qələminin Qarabağ üçün çarpışıb mübarizə apardığı gerçək döyüş meydanıydı. Elə bir döyüş ki, Qarabağı, Şuşanı milli kimlik, milli ruh və düşüncə dünyamızın məhsulu olaraq vurğulayır və onun düşməndən azad edilməsi üçün bir növ, çağırış yayır, haray salır, güc və qüvvət verir, ən əsası isə dərin inam hissi aşılayırdı. O inamı mən indi yoxluğuna inanmadığım Məzahir müəllimin gözlərində görmüşdüm.
Allah Sizə rəhmət eləsin, Məzahir müəllim! Ruhunuz şad olsun!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)