Güləş yığmalarımız Bakı və Ankara toplanışında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Güləş yığmalarımız Bakı və Ankara toplanışında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Güləş üzrə böyüklərdən ibarət yığma komandalarımız (yunan-Roma və sərbəst güləş) növbəti təlim-məşq toplanışına start verib. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz mayın 8-dən təlim-məşq toplanışına (TMT) başlayıb.
Sərbəst güləşçilər baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş heyətlə Bakıda məşqlərini davam etdirirlər. Olimpiya Güləş Mərkəzində təşkil olunan TMT-da yığmamızla yanaşı, İsveçrə, Estoniya və Latviya yığma komandaları da iştirak edir. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək.
Yunan-Roma güləşi üzrə millimiz isə mayın 8-dən Ankarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında keçən TMT-na 13 güləşçi cəlb edilib. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub.
Qeyd edək ki, təlim-məşq toplanışları avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və sentyabrda Serbiyada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)