Masallıda şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub (AZpress.AZ, Akif Ağayev, +FOTO=13)
Bu xəbəri paylaş
Masallıda şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub (AZpress.AZ, Akif Ağayev, +FOTO=13)
Mayın 12-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun (12.05.1976-14.07.2020) ad günü qeyd olunub.
Şəhidin məzarı önündə keçirilən mərasimdə rayon rəsmiləri, şəhidin doğmaları, hərbçi yoldaşları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhid zabitin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan Ordusunun qüdrətindən, Aprel və İyul döyüşlərinin əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən danışıb, şərəfli, müqəddəs ömür yaşamış Anar kimi qəhrəmanlarımızın həyat yolunun bugünkü gənclərə, o cümlədən gələcək nəsillərə örnək olduğunu bildirib.
Şəhidin döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov və başqaları Anar Novruzov kimi igid oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiklərini qeyd ediblər.
Bildirilib ki, Aprel və İyul döyüşlərinin qəhrəmanı, “Akula” ləqəbli kəşfiyyatçı Anar Novruzov və onun kimi şəhidlərimiz həmişə yaddaşlarda qalacaq, könüllərdə yaşayacaqlar.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Anar Novruzovun anadan olmasının 46 illiyi ilə əlaqədar keçirilən şahmat və tir atıcılığı üzrə xatirə turnirlərinin qaliblərinə diplomlar təqdim edib.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Masallı Xalq Teatrı üzvlərinin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.
***
Məlumat üçün bildirək ki, Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib – ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.
Döyüş dostlarının dediyinə görə tabeliyində olanda əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...
A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, istimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Novruzov (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən qəsəbədəki küçələrdən birinə şəhidin adı verilib.
Ailəli idi, iki övladı yadigar qalıb.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












