Gülağa Tənha: BU KƏND MƏNİ TANIMADI...

 BU KƏND MƏNİ TANIMADI...


Məzarlığı özü boyda,
Heyrəti də gözü boyda.
Göz yaşları üzü boyda,
Bu kənd məni tanımadı.


Gözü qaynayan qalmayıb,
Toyda oynayan qalmayıb,
Yasda ağlayan qalmayıb,
Bu kənd məni tanımadı.


Hay deyəndə qarı çıxır,
Hoy deyəndə yarı çıxır,
İniltisi, zarı çıxır,
Bu kənd məni tanımadı.


Ot basıbdı yolu, izi,
Ocağında sönüb közü,
Gələn birdi, gedən yüzü,
Bu kənd məni tanımadı.


Min dərdi var, yazan yoxdu,
Avaz gəlir, azan yoxdu,
Ölənə gor qazan yoxdu,
Bu kənd məni tanımadı.


Otunu çalan tapılmır,
Qaymağı, südü satılmır,
İtlər üstümə atılmır,
Bu kənd məni tanımadı.


Qırışla bəzənib yanaq,
Saç ağarıb, niyə danaq.
Görən deyir: «Kimsən, qonaq?»
Bu kənd məni tanımadı.


Ərkivan, 18.03.1990.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020