Gülağa Tənha: LALƏNİN QARA XALI

Gülağa Tənha: LALƏNİN QARA XALI

LALƏNİN QARA XALI


(əfsanə)


Döyüşdən dönmədi oğul…Obanın
Çəməni saraldı, dağ-daşı yandı.
Fəryadı göyləri əzdi ananın,
Üzündə közərən göz yaşı yandı.


Alqışı, duası ağıya döndü,
Qəhəri gözünə yığdı, ağladı.
Yollar bağışlanmaz yağıya döndü,
Laləni köksünə sıxdı, ağladı.


Döyüşçü ömrünə dəyən o güllə,
Taleyin can uman nəsinə düşdü.
Ananın gözündən süzülən damla,
Lalənin allanan köksünə düşdü.


Bu necə naləydi, necə fəğandı,
Canı, ruhu olsa əriyərdi daş.
Bu, necə sehrdi, necə gümandı,–
Lalənin köksündə xala döndü yaş…


Hər bahar gələndə çölün-çəmənin,
Allanır, qan olur üzü, yanağı…
Lalələr ananın həsrəti kimi,
Yollara boylanır hər bahar çağı…


Ümid toxumudu, hər bahar çağı,
Cücərir, boy verir–gözləyir hələ…
Köksündə ananın göz yaşı yanır,
Elə ona görə sevilir lalə!..


Masallı, 20 may 2002

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020