Sumqayıtda Masallılı gənc yazarın kitabının təqdimatı (AZpress.AZ, Akif Ağayev, +FOTO=13)
Bu xəbəri paylaş
Sumqayıtda Masallılı gənc yazarın kitabının təqdimatı (AZpress.AZ, Akif Ağayev, +FOTO=13)
Gənc yazıçı Gülnaz Nağızadənin Sumqayıt Poeziya Evində yeni nəşr olunmuş “Qordi düyünü” romanının təqdimatı keçirilib.
Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı Gülnaz Nağızadənin hələ məktəbli ikən qələmə aldığı “Xoşbəxtlik qapını döyür”, “Femidanın gözləri” əsərlərindən söz açıb, müəllifin yeni əsəri – “Qordi düyünü” romanı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Elçin Hüseynbəyli Gülnazın perspektivli gənc yazar olduğunu, yeni əsərinin aktual mövzunu əhatə etdiyini söyləyib.
Dünya Gənc Türk Yazarları Birlyinin başkanı, gənc şair İntiqam Yaşar Gülnaz Nağızadənin əsərlərini yüksək dəyərləndirib, ona DGTYB-nin üzvlük vəsiqəsini təqdim edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalı, Millət vəkilləri Musa Qasımlı, Anar İsgəndərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Gülbahar Haqverdiyeva, Prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayeva, filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, AYB Sumqayıt bölməsinin məsləhətçisi, şair Xatirə Fərəcli, AJB Sumqayıt bölməsinin sədri, şair Rafiq Oday, MİHİ Sumqayıt şəhər təşkilatının sədri Şahin Şəfiyev, şair Fəxrəddin Teyyub, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Lənkəran Regional Mediasiya təşkilatının rəhbəri Ramin Şükürov, ehtiyatda olan hərbçi, polkovnik Mürşüd Babayev, gənc yazarın təhsil aldığı Sumqayıt şəhərindəki 12 saylı orta məktəbin və tələbəsi olduğu BDU-nun müəllimləri müəllifi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Kitabın redaktoru, tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin roman haqqında ətraflı çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.
Gənc yazıçının atası Nasir Nağıyev çıxışında qızı ilə qürur duyduğunu bildirib.
Sonda müəllif tədbirin təşkilatçılarına, eləcə də iştirakçılara minnətdarlıq bildirib, oxucuların suallarını cavablandırıb, onlara yeni kitabının nüsxələrini təqdim edib.
Məlumat üçün bildirək ki, Gülnaz Nasir qızı Nağızadə 2003-cü il yanvarın 1-də Masallı rayonunun Yeyənkənd kəndində dünyaya göz açıb. 2009-2014-cü illərdə Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyində, 2015-2020-ci illərdə Sumqayıt şəhərindəki 23 saylı və Nəsirəddin Tusi adına 12 saylı tam orta məktəblərində təhsil alıb. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Hazırda Bakı Dövlət Universiteti hüquq fakültəsinin ikinci kurs tələbəsidir.
14 yaşında “Xoşbəxtlik qapını döyür”, bir il sonra “Femidanın gözləri” kitabı nəşr edilib. Bu il ərsəyə gətirdiyi dedektiv janrlı “Qordi düyünü” romanının süjet xətti belədir: “Attila öz fəaliyyəti ilə vicdanla məşğul olan inadkar müstəntiqdir. Qarşılaşdığı hər cür cinayətin öhdəsindən soyuqqanlılıqla gəlsə də, Arzu Əfəndiyevanın qətli gənc müstəntiqin həyatını dəyişdirəcək və yaddaşında silinməz izlər qoyacaqdır. O, balaca ulduzun ölümünü araşdırdıqca addım-addım başqa reallıqlarla üzləşəcəkdir...”
Qeyd edək ki, aprelin 25-də Masallı şəhər Gənclər Evində rayon İcra hakimiyyətinin dəstəyilə 19 yaşlı istedadlı yazar Gülnaz Nağızadənin “Qordi düyünü” adlı dedektiv janrda yazılmış üçüncü kitabının təqdimatı keçirilib.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












