Türkiyənin Əskişəhər Osmanqazi Universitetində "Azərbaycan Mədəniyyət və İncəsənət Günləri" keçirilib - FOTO
Bu xəbəri paylaş
24-25 may 2022-ci il tarixlərində Türkiyənin Əskişəhər Osmanqazi Universitetində 28 May- Müstəqillik günü və Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi münasibətilə "Azərbaycan Mədəniyyət və İncəsənət Günləri" keçirilib.
Mədəniyyət tədbirinin ilk günündə Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı Baş Konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunan proqramın öncəsində səfir Rəşad Məmmədov Universitetin rektoru Kemal Şənocakla görüşmüşdür. İstanbuldakı Baş Konsul Nərminə Mustafayeva, millət vəkili Fazil Mustafa və UNEC-in prorektoru Gəray Musayevin də iştirak etdiyi görüşdə Osmanqazi Universitetinin rəhbərliyinə proqrama göstərdiyi dəstəyə görə təşəkkür edilmiş, bu kimi tədbirlərin təşkilinin Azərbaycan mədəniyyəti və incəsənətinin qardaş ölkənin gənc nəslinə daha yaxından tanıdılmasına töhfəsi vurğulanmışdır.
Görüş sonrası Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyini əks etdirən fotosərginin açılışı baş tutub.
Azərbaycan Mədəniyyət və İncəsənət Günləri proqramının rəsmi hissəsi çıxışlar ilə başlayıb.
Səfir Rəşad Məmmədov çıxış edərək, Azərbaycan - Türkiyə münasibətlərinin xüsusi xarakterini vurğulayıb və bu münasibətlərin türk dünyası üçün önəmini qeyd edib.
Baş konsul Nərminə Mustafayeva bu kimi qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Fazil Mustafa çıxışında münasibətlərimizin tarixinə diqqət çəkərək, Azərbaycan və Türkiyənin hər zaman bir - birini bütün platformalarda dəstəklədiyini qeyd edib.
Əskişəhər Osmanqazi Universitetinin rektoru Kemal Şənocak 44 günlük Vətən müharibəsi və Azərbaycanın qazandığı möhtəşəm zəfəri vurğulayaraq, bunu tariximizin ən parlaq səhifələrindən biri kimi səciyyələndirib.
UNEC - in prorektoru Gəray Musayev çıxışında Azərbaycanda keçirilən təhsil islahatlarına xüsusi yer verib və UNEC-in Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Proqramın bədii hissəsində UNEC - in Yaradıcılıq Mərkəzinin və Türkiyədə fəaliyyət göstərən "Xəzər" Azərbaycan Xalq Rəqsləri Dərnəyinin musiqi qrupları öz çıxışları ilə Azərbaycanın zəngin musiqisini və xalq rəqslərini nümayiş etdirmişlər.
Proqram tamaşaçılar tərəfindən maraq və heyranlıqla qarşılanıb.
Sonda yaradıcı heyətə xatirə lövhələri təqdim edilib.
25 may tarixində - Azərbaycan Mədəniyyət və İncəsənət Günləri proqramının 2-ci günündə UNEC Yaradıcılıq Mərkəzi teatr heyəti tərəfindən fantosmoqrafik süjetə malik "Yarımçıq qalmış..." tamaşası səhnələşdirilib.
İzləyici marağına səbəb olan tamaşa sonrası teatr heyətinin üzvləri təltif olunublar.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

















