Sevil Qafarova: Alternativ fikirli şəxslərə yönəlik dövlətçilik tərbiyəsi

Hər bir dövlətin özünə məxsus idarəçilik ənənələri olur. Bu, ənənələr illər ərzində dövlətin hər bir şəxsinə müəyyən yaş dövrlərində öyrədilir və möhkəmləndirilir. Müəyyən yaş dövrlərində deməyimin səbəbi budur ki, dövlətçilik ənənələrinin əsas kökü təhsil ocaqlarında qoyulur. Bugün Azərbaycan vətəndaşı olaraq hər birimizin yetişməsində orta və ali təhsil müəssisələrinin rolu böyükdür. Azərbaycan təhsilində vətəndaşlıq ruhunun, bu torpağa, vətənə bağlılığın nümunəsini 44 günlük Zəfər tariximizdə şahidi olduq. Hər bir gənc heç düşünmədən özünün adını ön sıralarda yazdırıb, cəbhəyə tələsdi.


Biz bununla fəxr ediriksə, ilk olaraq Ümumilli Lider Heydər Əliyevə borcluyuq. Biz vətəndaşlıq, dövlətçilik ənənələrimizi təhsil səviyyəsində təhsillə yanaşı bərabər etdiyi üçün Ulu öndərimizə borcluyuq. Sözümün qüvvəti olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilindən danışarkən onun başlıca məqsədini ifadə etdiyi nitqindən bir hissəni qeyd etmək istərdim:  “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaq, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü puxtələşdirməkdir”.


Təbii ki, təhsilin diqqətlə yanaşdığı məqamlardan biri odur ki, hər bir fərd müstəqildir. Hər bir fərdin fikirlərinə  hörmət etməyi bacarmalıyıq. Müstəqil Demokratik Respublika olaraq hər bir şəxs öz fikirlərini müstəqil deməkdə azaddır. Aydın məsələdir ki, dövlətçilik ənənələrinin bu cür keçirilməsinin əleyhinə olan şəxslər də olacaqdır. Lakin bir daha qeyd etmək istəyirəm ki, uzun müddətdir gözlənilən 30 illik həsrətin bitməsinə səbəb olan 44 günlük Zəfər tariximiz hər bir şəxsin şübhələrinə, yerli və ya yersiz düşüncələrinə layiqli bir cavab olmuşdur.


Xüsusi qeyd etmək istəyirəm ki, Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsində, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun genişlənəsində, milli və dünyəvi dəyərlərin bərqərar edilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, demokratik təsisatların yaradılmasında, bazar iqtisadiyyatına keçid prosesində əldə edilən nailiyyətlərin mühüm bir hissəsi təhsilin payına düşür.


Təhsil bilik, bacarıq və qabiliyyətlərin gənc nəslə öyrədilməsi və ötürülməsi prosesidir. Təhsil geniş anlayışdır, onun müxtəlif pillələri, mərhələləri var. Təhsil sahəsində qarşıya qoyulan vəzifələr tədris prosesində gerçəkləşdirilir. Ali təhsil bütövlükdə təhsil sisteminin ən mühüm, ən vacib mərhələlərindən biridir. Çünki ali təhsil hər bir ölkənin insan kapitalının formalaşmasında böyük rol oynayır. İnsan kapitalı isə insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq və motivasiya imkanlarını müəyyən edir. Təhsil cəmiyyətin inkişafının özülünü təşkil etməklə yanaşı, həm də ölkənin təhlükəsizliyinin, sabitliyinin təmin edilməsində mühüm amil kimi çıxış edir. Dövlət başçımızın qeyd etdiyi kimi, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”. Ölkəmizdə təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilən və həyata keçirilən proqramlar nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulumu)” təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi dəyərlərdən əldə edilən kapital insan kapitalının inkişafına yönəldilmişdir.


Dövlət başçımız İlham Əliyevin sərəncamları ilə təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” və digər layihələri özünün humanist məqsədləri ilə diqqəti cəlb edir.


Milli-mənəvi dəyərlərimizin qorunmasına, bütün dünyada təbliğinə böyük töhfələr verən Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, humanitar yönümlü proqramlar ölkəmizdən çox-çox uzaqlarda da böyük rəğbətlə qarşılanır. Xarici ölkələrdə (Pakistan, İtaliya, Rusiya, Fransa, Gürcüstan və s.) Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunan məktəb binaları, təmir edilən mədəniyyət abidələri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bariz nümunəsidir.


Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyəm. Təhsil aldığım müəssisənin Azərbaycanın dövlətçilik ənənələrinin öyrədildiyi, öyrənildiyi bir təhsil ocağı olduğu üçün qürur duyuram. Bunu təhsil prosesi zamanı deyil də, adi koridorda gəzərkən, kiçik və böyük akt zallarının həmçinin, Heydər Əliyev adına Lektoriya zalının önündən keçərkən orada səslənən himnimizin, Xudayar təsnifinin, alovlu Azərbaycan dövlətçiliyinin yüksəlişi barədə olan çıxışlarda, bir dəqiqəlik şəhidlərin ruhu önündə sükut etməyimizdə, Zəfər tariximizlə bağlı stendlərin, plakatların önündən keçərkən hiss edirəm.


Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun zəngin və mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini dərindən öyrənmək, təbliğ etmək, gələcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycançılıq ruhunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin ən öndə vəzifələrindəndir. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi, azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi, insanın insana, insanın Vətəninə, xalqına, dövlətinə sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması ən vacib şərtlərdən biridir.


 Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ADPU-nun foyesində abidəsi qoyulmuş, nadir eksponatları sərgiləyən, professor-müəllimlərin, tələbələrin və universitetin qonaqlarının ziyarət məkanına çevrilən Heydər Əliyev Muzeyi yaradılmışdır. Zəngin irsin gənc nəslə çatdırılması məqsədilə “Heydər Əliyev Məktəbinin lektoriyası” təşkil edilmiş, ADPU-nun 2 nömrəli tədris binasında möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyevin nəzəri irsini dərindən öyrənmək məqsədilə universitetin professor-müəllim heyəti, tələbələri və doktorantları üçün xüsusi kurslar təşkil edilmişdir.


Hazırda ADPU-da 8 fakültə - Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, Magistratura və doktorantura şöbəsi, həmçinin SABAH qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb.


Qeyd edim ki, dövlət başçımızın 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Hazırda ADPU-nun 5 filialı – Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir. Qeyd etdiklərimlə bərabər, Təhsil naziri Mikayıl Cabbarovun 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016/2017-ci tədris ilindən ADPU-nun baza məktəbi kimi müəyyənləşib ki, bu da ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Baş verən struktur dəyişiklikləri nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, professor-müəllim heyətinin və tələbə kollektivinin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 67 elmlər doktoru, 61 professor, 273 dosent, 354 fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə əməkdar elm xadimidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş ADPU bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.


Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci Forumundakı nitqində demişdir: “Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır... Gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”. Deməli, yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji irsimizin öyrənilməsi hər zaman olduğu kimi, bu gün də aktuallığı ilə diqqəti cəlb edir. Müdriklər yaxşı demişlər ki, keçmişi unutma, çünki o gələcəyin müəllimidir.


Bəli, mən gələcəyin müəllimiyəm. Mən vətənimə, dövlətimə, müəllimlərimə, ailəmə, ətrafıma layiqli, şərəfli bir müəllim olmağı özümə borc bilirəm. Məni vətənə bağlı ruhda yetişdirən hər bir kəsə minnətdarlığımı bildirirəm.  Strategiyamızda “Təhsil sisteminin başlıca vəzifələri” bölümündə belə bir müddəa var: ”məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Mən hər bir şagirdimə və ya tələbəmə ayrı prespektivləri olan, ayrı düşüncəyə, yanaşmaya sahib bir fərd kimi baxacam. Və dövlətçilik ənənələrimizə sadiq, vətənpərvər ruhda, gələcəyə inamlı, Azərbaycan Respublikasına savadlı kadrlar hazırlayan nəsillər yetişdirəcəyəm. Müəllimlik peşəsinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev deyirdi: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”. Mən sevinirəm ki, məhz Ulu Öndərin nəzərdə tutduğu bir insan olacağam.


Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsi III kurs tələbəsi
Sevil Qafarova

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020