Müşfiq Ələsgərli: Bir zamanlar Azərbaycana 4 vertolyot verə bilməyən Türkiyə, bu gün 10-larla qırıcı və dronlar göndərir
Bu xəbəri paylaş
Müşfiq Ələsgərli:Bir zamanlar Azərbaycana 4 vertolyot verə bilməyən Türkiyə, bu gün 10-larla qırıcı və dronlar göndərir
Bakı səmasında Azərbaycan və Türkiyənin qırıcı təyyarələri dövrə vururlar. Bir neçə gündür ki, davam edən bu tryuklar insanlara həm zövq, həm qürur, həm də rahatlıq verir. Türkiyə qırıcılarının indiki gəlişi “TEXNOFEST Azərbaycan” festivalında iştirakla bağlı olsa da, həm də iki qardaş ölkənin birliyini, gücünü, əzmini nümayiş etdirir. Bu birlik, bu güc 44 Günlük Müharibə zamanı düşmənin belini qırdı, 100 illərlə qurulub icra edilmiş məkrli planları dağıtdı. Bu gün Bakı səmasında nümayiş etdirilən tryuklar həm də düşmənlərə mesajdır.
İstər-istəməz 1990-cı illərin məşəqqətli günlərini, Azərbaycanın düşmən qarşısında tək, müdafiəsiz qaldığı günləri xatırlayırsan. İşğala məruz qalan Kəlbəcərdən insanları köçürmək , ölümdən xilas etmək üçün Azərbaycan Türkiyədən yardım olaraq 4 vertolyot istədi, amma ala bilmədi. Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyir ki, “ Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi”.
Mütləq şəkildə qeyd edilməlidir ki, bu, təkcə texniki imkan məsələsi deyil. Bu gün Türkiyə-Azərbaycan münasibətləri ən yüksək həddini yaşayır. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir birinə yaxın olmayıblar. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. İndi nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)