Hümbət Quliyev: Bir çaya iki dəfə girmək olmaz
Bu xəbəri paylaş
Hümbət Quliyev: Bir çaya iki dəfə girmək olmaz
Heraklit.
( Esse)
Qədim yunan filosofunun bu fikrini belə izah edirlər ki, sən birinci dəfə girdiyin çayın suyu artıq axıb gedib və sən suya ikinci dəfə girəndə, bu artıq başqa çaydır. Fikrin açması da odur ki, ikinci dəfə həmişə birinci dəfədən pis olacaq. Bir sözlə təəssüfə yaxın bir fikirdir.
Bunları niyə yazıram?
Yarım stəkan suya həm nikbin, həm də bədbin baxmağın mümkün olduğunu hamınız bilirsiniz. Mən Heraklitin fikrində gördüyüm müsbət tərəfi çatdırmaq istəyimdən yazıram.
Fikrimi çatdırmazdan əvvəl deyim ki, Heraklitin dövründən 2500 il keçib və bu müddətdə fikir çayı da yerində dayanmayıb. Fikir çayının bir az dərinliyinə getsək görərik ki, çaya ikinci dəfə girən insanın bədəni də əvvəlki olmur, çünki bədənin içində axan proseslər də onu artıq dəyişib, başqa bədən olub. İnsanın təfəkkürü də əvvəlki kimi qalmır, çaya girdiyindən əldə etdiyi təcrübə onun təfəkkürünü də başqa edir.
İndi öz nikbin fikrimi sizə nəticə olaraq çatdırım.
Tutaq ki, siz nəyəsə cəhd etmisiniz və o iş alınmayıb. Təkrar cəhd etməyə dəyərmi? Filosof Yunanın xətrinə dəymək istəmədən deyirəm ki, olar! Çünki siz ikinci dəfə cəhd edəndə artıq mühit də, şərait də, siz də dəyişmisiniz və nəticə də fərqli, böyük ehtimalla müsbət ola bilər.
İkinci cəhdiniz də uğurlu olmasa, üçüncü, beşinci, onuncu dəfə mütləq uğur əldə edəcəksiniz.
İnsan həyat çayında cəhdlərlə yaşayır, başqa sözlə həyatımızı cəhdlər müəyyənləşdirir.
Əsas odur ki, cəhdlər edin, sonda istədiyiniz mütləq alınacaq.
Azərbaycanlı Hümbət Həsənoğlu bir aforizmində elə buna görə də deyib: Hər əhdə, yüz cəhd gərək.
Hümbət Həsənoğlu
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)