Avropa və dünya çempionatlarının mükafatçısı ilə görüş — MASALLIDA (AZpress.AZ, Akif Ağayev, +FOTO=13)

Avropa və dünya çempionatlarının mükafatçısı ilə görüş — MASALLIDA (AZpress.AZ, Akif Ağayev, +FOTO=13)

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” layihəsi çərçivəsində mayın 31-də Masallı rayonunda cüdo və sambo idman növləri üzrə dəfələrlə Azərbaycan çempionu, cüdo üzrə Avropa kubokunun bürünc, sambo üzrə Avropa çempionatının bürünc və dünya çempionatının gümüş mükafatçısı Hikmət Alışovla məktəblilərin görüşü keçirilib.

 

Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşə şagirdlərlə yanaşı rayon gənclər və idman idarəsinin əməkdaşları, idmançı və ictimaiyyət nümayəndələri də qatılıblar.

 

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

 

Layihə barədə məktəblilərə məlumat verən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Azərbaycanda idmanın kütləviliyinin təmin edilməsindən, eləcə də Masallı atletlərinin beynəlxalq turnirlərdə qazandığı uğurlardan, dövlətin idmana göstərdiyi diqqət və qayğıdan danışıb.

 

Bu cür görüşlərin yeniyetmə və gənclər üçün əhəmiyyətliyini vurğulayan Əməkdar məşqçi Xanağa Quliyev, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, məşqçi-müəllim Təhmasib İsayev sağlam həyat tərzinə maneçilik törədən zərərli vərdişlərdən uzaq durmaqdan ötrü idmanla məşğul olmağın faydasından danışıb, məktəbli idmançılara hər zaman məqsədli olmaq və çətinliklər zamanı ruhdan düşməmələrini tövsiyə ediblər.

 

Çıxışçılar fəxri qonağa işində və idman sahəsində uğurlar arzulayıblar.

 

Hikmət Alışov keçdiyi idman yolu, müxtəlif yarışlarda qazandığı nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

 

Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etdiyinə, əldə etdiyi yüksək nailiyyətlərə görə çempiona rayon gənclər və idman idarəsinin Fəxri fərmanı təqdim olunub.

 

Sonda xatirə şəkilləri çəkdirilib.

 

***

 

Məlumat üçün bildirək ki, Alışov Hikmət Əzizağa oğlu 4 iyun 1992-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində alıb. 1997-ci ildən Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki UGİM-nin cüdo bölməsində məşqçi-müəllim Xanağa Quliyevin rəhbərliyilə məşqlərə qatılıb.

 

Dəfələrlə cüdo və sambo üzrə Azərbaycan çempionu və respublika kubokunun sahibi, beynəlxalq turnirlərin qalibi, sambo üzrə Dünya çempionatının gümüş (Bolqarıstan – 2009) medalçısı, cüdo üzrə Avropa çempionatının (Rumıniya – 2012) və kubokunun (2010-2011) bürünc mükafatçısı olub. 2012-ci ildə ölkənin ən yaxşı idmançıları sırasında Azərbaycan Sambo Federasiyasının prezidenti, yeddiqat dünya çempionu Ceyhun Məmmədov tərəfindən mükafatlanıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. İdman ustasıdır. Bakı Şəhər Çevik Polis Alayında xidmət edib.

 

Azərbaycan millisinin 2015-ci ildə Daxili İşlər Nazirliyinin sambo üzrə ölkə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, həmin il Azərbaycan kuboku uğrunda yarışda bürünc mükafata da sahiblənib.

 

H.Alışov hazırda Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Fiziki hazırlıq” kafedrasının müəllimidir. Polis baş leytenantıdır.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020