Ömürlük məhkumlar - Şəmsi Səmədzadə necə buraxıldı?...
Bu xəbəri paylaş
Ölkə başçısının mayın 27-də imzaladığı əfv sərəncamı ilə cəzaçəkmə müəssisələrindən azadlığa buraxılanlar arasında 1 nəfər ömürlük məhkumun da olması günlərdir media və sosial şəbəkələrdə müzakirə edilir.
Keçmiş sahibkar Şəmsi Səmədzadə 22 illik həbsxana həyatından sonra cəzası azaldılmadan birbaşa azadlığa çıxıb. Bu, ömürlük məhkumla bağlı Azərbaycan praktikasında bir ilkdir.
Şəmsi Səmədzadənin vaxtilə nəyə görə həbs edildiyi, hansı cinayət üstündə məhkum olunduğu açıqlanmadığından sosial şəbəkələrdə bu məsələnin müzakirəsi də uzanır.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev də bu haqda danışmaq istəməyib. O, Modern.az-a açıqlamasında əfv olunmuş məhkumlar barəsində detallı açıqlamalar vermədiklərini bildirib.
Xatırıladaq ki, bundan əvvəlki əfv sərəncamı 2021-ci il martın 17-də imzalanmışdı. O zaman ömürlük məhkumlardan 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilmişdi: bunlar Aslanov Azər Məhərrəm oğlu, Əhmədov Araz Vidadi oğlu və Əliyev Vüqar İbrahim oğlu idi. Sonuncu şəxs Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək, həbs olunmuşdu.
Qeyd edək ki, Azərbaycanda qanunvericilik ömürlük həbsdə olanların azadlığa çıxma imkanlarını bu və ya digər dərəcədə tanıyır. Məsələn, ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər. Bu halda onların cəzaları 25 illə də əvəzlənə bilər.
2017-ci ildə cəzaların humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklər “ömürlüklər”ə imkan verib ki, cəzaçəkmə müəssisələrində 25 il saxlanıldıqdan sonra vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq üçün müraciət etsinlər. Belə şəxslərə məhkəmə vaxtından əvvəl azadlığa çıxmaq imkanı verə bilər.
Araşdırmalar göstərir ki, Azərbaycanda ömürlük məhbusların böyük əksəriyyəti ağır qətllər törətmiş şəxslərdir. Onların azadlığa çıxmaları üçün ən vacib şərtlərdən biri tərəflərin barışıq əldə etmələridir. Amma bu da hələ onların azadlığa çıxmaları üçün əsas deyil.
Əfv Komissiyasına müraciət zamanı məhbusun azadlığa çıxdıqdan sonra cəmiyyət, ətraf üçün təhlükəli olmayacağına əminlik yaranandan sonra həmin məhbusun azadlığa çıxmaq imkanları artır. Sonda əfv etmək isə ölkə başçısının müstəsna səlahiyyətindədir.
Rəsmi statistika son illər Azərbaycanda ömürlük həbs cəzası alanların sayının azaldığını göstərir.
Modern.az saytı Dövlət Statistika Komitəsindən son 20 ildə ömürlük məhkum olunanların sayını əldə edib.
Rəsmi statistikaya görə, 2000-ci ildə 23 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alıb.
2005-ci ildə belə məhkumlafrın sayı 13 nəfər olub.
2010-cu ildə 15 nəfərə ömürlük həbs səzası kəsilib.
2015-ci ildə 4, 2018-ci ildə 7, 2019-cu ildə 5 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alıb.
2020-ci ildə də məhkəmələr 5 nəfəri ömürlük azadlıqdan məhrum edib.
Ümumilikdə hazırda ömürlük məhkumların cəza çəkdiyi Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsində 270-ə yaxın məhkum saxlanılır.
A.Qorxmaz
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)