Uzun yollar bizi qorxutmur – Arkivan Transport Akif Ağayev (AZpress.AZ)

Uzun yollar bizi qorxutmur – “Arkivan Transport” Akif Ağayev (AZpress.AZ)

Uzun yollar bizi qorxutmur – “Arkivan Transport”

 

 

Vətən sərhəddən başlayır

 

Ölkənin ən böyük beynəlxalq nəqliyyat şirkətlərindən olan “Arkivan Transport” MMC rəsmən 2014-cü ildən fəaliyyət göstərir. Dünyanın tanınmış şirkətlərinin logistika ortağı olan bu şirkətin bayrağı altında beynəlxalq standartlara cavab verən 400-ə yaxın avtomobillə ölkədaxili və ölkəxarici yüklərin daşınması sürətli və güvənli şəkildə həyata keçirilir. Həmçinin şirkətdə avtomobillərin kompüter diaqnostikası, mühərrik, sürətlər qutusu və asqı sistemlərinin təmiri, avtomobillərin və ehtiyyat hissələrinin satışı, firmaya üzvlük, ekspeditor, mühasib, sığorta və avtoyuma xidmətləri göstərilir.

 

Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Arkivan Transport” MMC-nin fəaliyyəti ilə yaxından tanış olmaq üçün şirkətin rəhbəri Abdulla Ramazan oğlu Abdullayevlə görüşüb daha geniş məlumat aldım. Müsahibəni oxuculara təqdim edirəm:

 

-Abdulla, necə oldu ki, bu sahəyə maraq göstərdiniz? Eləcə də ilk illərdəki fəaliyyətiniz barədə məlumat verərdiniz.

-Ailədə 11 uşaq (7 oğlan, 4 qız) olmuşuq. Rəhmətlik atam torpağa bağlı insan idi. Dədə-babadan əsas məşğuliyyətimiz kənd təsərrüfatı, heyvandarlıq olsa da sonradan ailəlikcə əmək fəaliyyətimizi başqa sahə üzrə davam etdirdik. Uzun müddət qardaşlarımla birgə Rusiyada şəxsi maşınlarımızla (KAMAZ) yükdaşıma ilə məşğul olduq. Vətənə döndükdən sonra da bu sahədə çalışdıq. 2010-cu ilə qədər fərdi şəxslərin sifarişi əsasında Almaniyadan nəqliyyat vasitələrinin, İrandan Rusiyaya, ordan da Mərkəzi Asiya ölkələrinə yük daşınmasını həyata keçirmişik. Bank hesabına əvvəlcə bir, sonradan isə bir neçə “DAF” markalı maşın aldıq. Az sayda avtomobillə, kiçik kollektivlə çox işlər görməyə çalışırdıq. 2014-cü ildə 4 maşınmız vardı. Sonra şirkətin fəaliyyətini genişləndirdik. Demək olar ki, ailəlikcə bu işə cəlb olunduq. İndi qardaşlarımın, qohumlarımın hər biri özünəməxsus sayda avtomobilə sahibdir.

 

- “Arkivan Transport” ölkədə, yaxın regionlarda, eləcə də beynəlxalq yük daşıma sahəsində vacib mövqe tutmaqdadır. Buna necə aydınlıq gətirərdiniz?

- Yükdaşıma coğrafiyamız 3 qitəni – Avropa, Asiya və Afrikanı əhatə edir. Türkiyə, Azərbaycan, İran, Qətər, Almaniya, Fransa, Hollandiya, Pakistan, Əfqanıstan, Dubay, Oman, Küveyt, Rusiya, Gürcüstan, Belorusiya, Moldova, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və s. ölkə ərazilərindən idxal və ixracat proseslərini, müxtəlif növ yüklərin daşınmasını gerçəkləşdiririk. Korporativ əməkdaşlıq çərçivəsində gün-gündən genişlənən TIR portfoliomuzla “Belıy Daça”, “Maqnit”, “Atena”, “Şirin” və s. müştərilərimizə öhdəliklər əsasında sürətli və keyfiyyətli xidmət göstəririk.

 

- Bu gün böyük transport şirkətlərindən olaraq xidmət sahəniz genişdir. Eyni zamanda şirkət daxilində quruculuq işləriniz də davam edir. İşçi heyətiniz yetərlidirmi? Və ya iş saatından əlavə vaxtlarınızı necə keçirirsiniz?

- Bu gün “Arkivan Transport”a 500-ə yaxın insan bağlıdır. Xidmət sahəsindən asılı olmayaraq burada gündəlik olaraq 60-70 işçi çalışır. Qəsəbəmizdəki əksər gəncləri şirkətə cəlb etməklə onların peşəyə, sənətə yiyələnməsinə çalışırıq. İstəyimiz odur ki, əldə olunan təcrübəni yeni nəslə aşılayaq...

Avtomobillərə texniki xidmətləri şirkət daxilində fəaliyyət göstərən servis həyata keçirir. Fərqli “TIR” modellərinin təmirini illər ərzində bu sahədə professionallaşmış ustalarımız icra edir. Halbuki əvvəllər bu xidməti Türkiyədən dəvət edilmiş mütəxəssislərə həvalə edirdik. Hazırda 7-8 mühərrik ustamız var.

İşçilərimizdən Elçin Talıbov, Kamran Bağırov, Səbuhi Rzayev, Rəvan Rzayev 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçiblər. Nəinki qazilərimizə, əksər işçilərimizə, dünyasını dəyişən işçilərin ailələrinə maddi-mənəvi dəstək olmağa çalışırıq.

Yuyunub-təmizlənmə və istirahət otaqları, geniş mətbəxli yeməkxanamız işçilərin rahatlığına xidmət edir. Kivi bağımız, arıçılıq təsərrüfatımız, toyuq-cücə fermamız, əlavə olaraq 500-ə yaxın digər növ meyvə tingləri əkilmiş bağ sahəmiz var. Vaxtaşırı olaraq şirkət daxilində müvafiq həvəsləndirici idman yarışları keçirir, qaliblərə pul mükafatı təqdim edirik. Yəni işçilərlə birgə asudə vaxtımızı səmərəli keçirə bilirik.

 

-Deyirlər, Vətən sərhəddən başlayır. Zənnimcə sizinçün bu fikir təkcə çalışdığınız sahə üzrə tamamlanmır. İşğaldan azad edilən torpaqlarımıza etdiyiniz xeyirxah niyyətli səfərləriniz barədə də məlumatlıyıq. Bundan əlavə “Arkivan Transport” daha hansı nəcib aksiyalara sahiblik edir?

- Pandemiya dövründə imkansız ailələrə dəstək olmuşuq. Əlavə olaraq cərrahi əməliyyat olunan və digər xəstələrin əldə edə bilmədikləri dərman preparatlarını təmənnasız olaraq xarici ölkələrdən alıb gətirirdik. Bununçün şirkətdə xüsusi otaq ayırmışdıq.

Aprel döyüşlərindən etibarən hərbçilərimizin yanında olduq. Mühəndis-istehkam sədlərinin qurulmasından ötrü istifadəyə yarasız avtomobil təkərlərinin daşınmasını həyata keçirirdik.

2020-ci ilin sentyabrında, Ali Baş Komandanımızın əmri ilə səfərbərlik elan olunandan biz də ölkə liderinin ətrafında birləşərək, ordumuza, hərbçilərimizə dəstəyimizi ifadə etdik. Rusiyada yaşayan soydaşlarımız da yardım kompaniyalarına qoşulmuşdular. Onların hərbçilərimizə göndərdikləri sovqatları cəbhə bölgələrinə çatdırırdıq. Biz də öz növbəmizdə arxa cəbhədə, əsgərlərimizin ailələrinə maddi yardım göstərir, onların qayğıları ilə maraqlanırdıq. Qazi ailələrinin evlərinin təmir və tikintisinə də kömək edirdik. O cümlədən hər həftə hərbi hissələrə ərzaq və qeyi-ərzaq yardımı aparırdıq. Ordumuzun Yardım Fonduna müəyyən məbləğdə pul ayırdıq, cəbhə bölgəsində istifadə üçün “Niva” markalı avtomobil hədiyyə etdik. Bölgəmizdən olan hərbçilərimizin qarşılanma mərasimlərinin təşkilində fəal olmağa çalışdıq.

Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarımıza 40-a yaxın səfər etmişik. Həmin nəcib missiyaları yenə yerinə yetiririk. Bununla yanaşı hər həftənin son günlərində əsgər və zabitlərimizin ad günlərinin müvafiq hərbi hissələrdə keçirilməsinə maddi-mənəvi dəstək oluruq. 28 may Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində cəbhəyanı rayonlarda hərbçilərimiz və şəhid ailələrinin iştirakı ilə möhtəşəm bayram tədbirləri keçirtdik, şəhid övladlarını əyləncəli konsert proqramı ilə sevindirdik, onlara hədiyyələr təqdim etdik...

44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ölkə rəhbərinin qətiyyətli mövqeyi, qəhrəman Azərbaycan övladlarının, mübariz və mətin xalqımızın sayəsində qazandıq. Ali Baş Komandan İlham Əliyevin düşmənə göstərdiyi dəmir yumruq ətrafında birləşərək bundan sonra da hər bir xoş məramımıza nail olacağıq. Biz iş adamları da torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin ailələrinə, müharibə iştirakçılarına dəstək olmaqdan ötrü əlimizdən gələni əsirgəməyəcəyik. Bu bizim vətəndaşlıq borcumuz, mənəvi missiyamızdır.

 

- Səfərlər zamanı hansı çətinliklərlə üzləşirsiniz? Ukraynaya yükdaşımalarınız davam edirmi?

- İlə ərzində yük maşınlarımız minlərlə səfər başa vurur, milyonlarla kilometr yol qət edir. Belə olan halda sözsüz ki, qarşılaşdığımız problemlər, çətinliklərimiz də olur. Lakin etibarlı tərəfdaşlığımıza sadiq qalaraq təhlükəli ərazilərə, münaqişəli, qaynar nöqtələrə səfərlərimizi azaltmışıq. Necə ki, mövcud vəziyyətlə bağlı Ukraynaya olan yükdaşımalarımızı müvəqqəti olaraq təxirə salmışıq. Məlumat üçün bildirim ki, bir neçə ay öncə Moldovada yük boşaldıb qayıdarkən Ukrayna-Rusiya sərhədində, münaqişə baş verən ərazilərdə şirkətimizə məxsus 30-a yaxın nəqliyyat vasitəsi saxlanmışdı. 28 avtomobil və sürücülərin Ukrayna hüdudlarından çıxarılması təmin edilsə də sürücülərdən Samir Tahirov və Yusif Bayramlı bu ilin 28 fevral tarixində Xarkov şəhərində baş verən toqquşmalar zamanı güllə yarası aldılar. Bir müddət Xarkov Klinik Xəstəxanasında müalicə alan yaralı sürücülər sonradan Azərbaycana təxliyyə edildilər. Hazırda S.Tahirov Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsini davam etdirir.

 

-Yeni iş planlarınız nədən ibarətdir?

- Əlverişli coğrafi mövqeyə malik ölkəmiz, xüsusilə bölgəmiz dövlətlərarası açıq qapı, mühüm əhəmiyyətli körpü rolunu oynayır. Tranzit daşımaları üçün respublikamız yüksək səviyyəli avantaja malikdir. Odur ki, bu sahədə iqtisadi cəhətdən yararlanmağımızdan ötrü münbit şərait mövcuddur. Aktiv işçi potensialımız da var. Lakin bəzi sənədləşmə işlərində qarşılaşdığımız çətinliklər də istisna deyil.

“Arkivan Transport” olaraq illər ərzində qazandığımız təcrübənin faydalı tətbiqilə xidmətimizi daha yüksək səviyyəyə qaldırmağa çalışırıq ki, bu sahəyə aid bütün xidmətlər tərəfimizdən təmin edilsin. Bu da yeni iş yerlərinin açılmasıdır.

 

49 yaşlı Abdulla Abdullayev öz işini sevən zəhmətkeş, cəsarətli və bacarıqlı insandır. Nə vaxt onu görmək istəsən iş paltarındadır, əlini çırmalayıb işçilərlə birgə çalışır.

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlara səfərlər zamanı şirkətin rəhbəri kimi oruduya edilən dəstək aksiyalarının əksəriyyətində şəxsən özü iştirak edir. Onun iş otağını hərbi hissələrdə təlim sahələrinin tikilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunun daim yüksək olması, xalq-ordu birliyinin möhkəmlənməsi istiqamətində, iş adamı kimi göstrədiyi maddi-mənəvi dəstəyə və s. bu kimi xidmətlərinə görə layiq görüldüyü onlarca fəxri fərman və mükafat bəzəyir. A.Abdullayev həmçinin təcrübəli iş adamı kimi respublikamızda, eləcə də ölkəmizdən kənarda təşkil olunan işgüzar tədbirlərə (Beynəlxalq Avtomobil Daşımaları sahəsində Azərbaycan-İran birgə komissiyasının iclası, Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu, eləcə də İqtisadiyyat Nazirliyinin xətti ilə digər tədbirlərə) dəvət alır, müvafiq sahənin inkişafı, mövcud problemlərin təhlil və həlli istiqamətində səmərəli təkliflər irəli sürür.

“Arkivan Transport” MMC-yə yeni yüksəlişlər fövqündə uğurlar, partnyorlarla faydalı əməkdaşlıq arzulayırıq!

 

 

Akif AĞAYEV,

MASALLI. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020