"Vərəm Xəstəliyinin Müayinəsi üçün Portativ Rentgen Qurğusu ilə Təchiz Etmə" layihəsinin təqdimat mərasimi həyata keçirildi - FOTO
Bu xəbəri paylaş
8 iyun tarixində Bakı şəhərində yerləşən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Vərəm Xəstəliyinin Müayinəsi üçün Portativ Rentgen Qurğusu ilə Təchiz Etmə” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və “Sağlamlığa Xidmət” İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.
“Vərəm Xəstəliyinin Müayinəsi üçün Portativ Rentgen Qurğusu ilə Təchiz Etmə” layihəsində “Fujifilm” adlı yapon şirkətinin istehsal etdiyi süni intellektlə təchiz olunmuş 1 ədəd rentgen qurğusunun “Sağlamlığa Xidmət” İctimai Birliyinə bağışlanaraq yerli və əcnəbi qaçqın və köçkün əhalinin, əvvəllər vərəm xəstəliyinə yoluxmuş şəxslər və onların ailəsinin, Bakı əhalisinin və Azərbaycan Respublikasında vərəm xəstəliyinin yayılma riskinin yüksək olduğu 13 bölgənin (Xaçmaz, Siyəzən, Xızı, Şəki, Oğuz, Zaqatala, Biləsuvar, Quba, Göyçay, Tovuz, Qazax, Yevlax, Bərdə rayonları) əhalisinin müayinəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihənin, portativ rentgen qurğusundan bölgələrdə əhalinin müayinəsinə istifadəsinin nəzərdə tutulmadığı günlərdə, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ağır xəstələrinin olduğu yerdə müayinə edilməsi ilə xəstələrin müalicə olunmasına nəzarətin gücləndirilməsinə öz töhfəsini verməsi nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 99,976 ABŞ dolları məbləğində qrant ayırmışdır.
İndiyə qədər Azərbaycan Respublikasında ”Ot Kökləri və Insan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 277 olub, ümumi qrant məbləği isə 39,860,000 AZN-i (23,450,000 ABŞ dolları) keçmişdir.
Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


