AMEA Radiasiya Problemləri İnstitutu “TEKNOFEST Azərbaycan” festivalında iki eksponatla təmsil olunub

AMEA Radiasiya Problemləri İnstitutu “TEKNOFEST Azərbaycan” festivalında iki eksponatla təmsil olunub

 

AMEA Radiasiya Problemləri İnstitutu mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində təşkil edilmiş sərgidə akademiya üçün ayrılmış pavilyonda iki eksponatla təmsil olunub.

 

Sərgidə nümayiş etdirilmiş eksponatlardan biri institutun mütəxəssisləri tərəfindən hazırlanmış radioekoloji monitorinq sistemidir. Məsafədən radioekoloji monitorinq qurğusu minalanmış və mürəkkəb relyefli, keçilməz ərazilərdə radioekoloji monitorinqin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Qurğu dron, ərazini müşahidə etmək üçün kamera, radiasiya fonunu ölçmək üçün dozimetr və idarəetmə pultundan ibarətdir.

 

Ərazinin relyefindən asılı olaraq, dron müəyyən hündürlükdə uçaraq real zamanda dozanın qiymətini və hər dozaya uyğun koordinatı operatora göndərir. Operatorun idarə etdiyi pult gələn məlumatları analiz etmək üçün planşet və xüsusi proqram ilə təmin olunmuşdur. Proqram məlumatları real zamanda analiz edərək, ekranda həm radiasiya dozasının zamandan asılılıq qrafikini, həm də hər dozaya uyğun koordinatı vizuallaşdırır. Bundan əlavə, gələn məlumatlar proqramda arxivləşdirilir və istənilən zaman intervalında və ya koordinatdakı dozanı asanlıqla tapmağa kömək edir. Eyni zamanda, şübhəli əraziləri vizuallaşdırmaq üçün kameradan gələn videogörüntülər də pultun monitorunda yayımlanır. Ehtiyac duyularsa, videoməlumatlar dronun və ya idarəetmə pultunun yaddaşında saxlanılır.

 

İnstitutun sərgidə təşkil olunan AMEA pavilyonunda təqdim etdiyi digər qurğu – “İldırım RP-10” məsafədən idarəetmə sistemi analoqlarından texniki parametrlərinə görə fərqlənir. Cihaz radiokanal vasitəsilə yol tikintisi, mədən işlərində, eləcə də mina və digər partlayan maddələrin məsafədən idarəolunma sistemidir. Radiopartladıcı qurğu qeyd olunan atımlara quraşdırılaraq, onların idarəetmə məsafəsini kifayət qədər artırmağa imkan verir. Bu sistem birbaşa görüntü olan yerlərdə 5000 m, mürəkkəb relyefli dağlıq ərazilərdə (birbaşa görüntü olmadıqda) isə 3500 m məsafədə uğurla sınaqdan keçirilmişdir. Radiopartladıcı qurğu xarici analoqlarını təhlükəsizlik, komandaların uzaq məsafəyə çatması, maneələri aşma bacarığı, çox funksiyalı olması, idarəetmənin sadəliyi və maliyyə dəyərinin yüksək olmaması baxımından üstələyir.

 

Radiasiya Problemləri İnstitutu tərəfindən nümayiş etdirilən yüksək texniki göstəricilərə və geniş imkanlara malik texnoloji həllər sərgi iştirakçılarının böyük marağına səbəb olub. Müxtəlif ölkələrdən olan və respublikamızı təmsil edən tanınmış alimlər və mütəxəssislər, elm və təhsil ictimaiyyətinin nümayəndələri elmi müəssisənin innovativ layihələrini yüksək qiymətləndiriblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020