Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Ultrasəs müayinəsinə hazırlıq prosesindən danışıb

Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Ultrasəs müayinəsinə hazırlıq prosesindən danışıb

Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Dr.Tükəzban Abdullayeva “Həkim məsləhəti” rubrikasında “Ultrasəs müayinəsinə hazırlaşmaq lazımdırmı?”  sualını cavablandırıb.


Ultrasəs müayinəsi (USM) – müxtəlif orqan və ya oqran sistemlərinin –qarın boşluğu, kiçik çanaq orqanları, damarlar və digər müayinələr üçün tətbiq olunan metodikadır.


Ultrasəs, həkimin ultrasəs dalğalarından istifadə edərək şəkilləri qəbul etdiyi orqan və toxumaların müayinəsi üçün təhlükəsiz və müasir bir üsuldur. Belə diaqnostikanın köməyi ilə patoloji prosesi aşkar  etmək və onun inkişafını proqnozlaşdırmaq,  iltihabın dolayı əlamətlərini qeyd etmək və s. mümkündür. Ultrasəs diaqnostikasının praktiki olaraq heç bir əks göstərişi yoxdur, o, təhlükəsizdir, habelə yenidoğulmuşlar üçün də təyin edilir.


Qarın boşluğu, sidik -cinsiyyət sistemi, ginekoloji orqanlar, süd vəzi, qalxanvari vəzi və yumşaq toxumalar, o cümlədən qarın boşluğu orqanlarının müayinəsində USM müayinəsi tətbiq edilir. Pasiyentin USM-ə hazırlığı böyük əhəmiyyət kəsb edir, belə ki, bu, alınan təsvirin keyfiyyətinə və müayinənin nəticələrinə təsir göstərir.


Qarın boşluğu orqanlarının ultrasəs müayinəsinə 2-3 gün qalmış rasiondan bağırsaqda qaz əmələ gətirən qidaları (çiy tərəvəzlər, süd, qara çörək, qazlı sular və s.), habelə, kaloriliyi yüksək olan şirniyyat məhsullarını (pirojna, tort və s.) çıxarmaq tövsiyə edilir. Qarın boşluğunun USM-i acqarına aparılmalıdır. Əgər pasiyent dərman vasitələri qəbul edirsə, bu haqda USM həkiminə məlumat verməlidir.


Fibro-qastro və kolonoskopiya, həmçinin mədə-bağırsaq traktının rentgenoloji müayinəsindən sonra USM aparmaq olmaz.  Qadınlarda kiçik çanaq orqanlarının (sidik kisəsi, uşaqlıq, artımlar) USM sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedura 1 saat qalmış isə 1l qazsız su içmək zəruridir.


Qalxanvari və tüpürcək vəzilərinin, eləcə də limfa düyünləri və böyrəklərin USM-i xüsusi hazırlıq tələb etmir. Bir həkim kimi hamıya məsləhət görürəm ki, vaxtaşırı ultrasəs müayinsindən keçin, əlaməti özünü göstərməyən, gizli baş verən xəstəlikləri vaxtında aşkar etməklə sağlamlığınızı qoruya biləsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020