Ramilə Seyidova: Qayıdışla başlanan QURTULUŞ
Bu xəbəri paylaş
Dünya durduqca yaşayan, əbədilik qazanan böyük şəxsiyyətləri tarix az-az yetirir.
Əqidəsi , məsləyi xalqının azadlığı, inkişafı, qüdrətlənməsi uğrunda mübarizəyə həsr olunmuş belə simalar nəsillər dəyişdikcə daha böyük əbədiyyət qazanırlar. Azərbaycanımızın milli sərvəti olan bu nəhəng şəxsiyyətlər həm yaratıqlari məktəblə, həm də yeni təfəkkür tərzi ilə yaddaşlarda əbədi iz buraxırlar. Zəmanəmizin ən böyük şəxsiyyəti olan Ümummilli Liderımız Heydər Əliyevdə məhz belə şəxsiyyətlərdən idi. Heydər Əliyev təkrarolunmaz,özünəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə gördüyü işlərlə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölcüyə gəlməzdir. Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Heydər Əliyev deyərdi: “ Mən hakimiyyətə vəzifə üçün deyil, xalqı min bir bəladan qurtarmaq üçün, hər gün axıdılan şəhid qanını durdurmaq üçün gəldim”.
Ən yeni tarixə nəzər salsaq görərik ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. Təəssüf ki, yeni müstəqil olmuş dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir LİDERƏ ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev xalq qarşısında söz verərək söyləmişdi: Əgər hansı bir namərd gülləsi, hansısa bir terrorcu gülləsi məni həyatdan götürərsə, mənim özüm də , mənim övladlarım da, müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!.
Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi.
Heydər Əliyev 1993-cü ildən başlayaraq ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Ölkəmizə inamın artması imzalanan sazişlərin sayında da özünü göstərdi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Fenomen şəxsiyyət olan Heydər Əliyevin dövlətçilik fəaliyyətini qədirbilən xalqımız hec vaxt unutmayacaq. Ulu öndərimiz böyük ideoloq, yenilməz siyasət adamı, vətənpərvər Azərbaycan oğludur.
Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən bəyan etdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 17 ilə yaxın dövrün statistikasına diqqət yetirsək bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını görərik. Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir və edəcək.
RAMİLƏ SEYİDOVA,
Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)