Hüquq müdafiəçisinə - Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvünə qarşı zor tətbiq edildi... SENSASİYA!
Bu xəbəri paylaş
SENSASİYA!
Hüquq müdafiəçisinə - Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvünə qarşı zor tətbiq edilməsi ilə bağlı Xətai rayon hüquq-mühafizə orqanlarının ədalətsiz mövqeyi, cinayəti törədənlərin cəzasız qalması
Redaksiyamıza Xətai rayon hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının fəaliyyətsizliyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvünə qarşı zor tətbiq edilməsi ilə bağlı çox acınacaqlı fakt məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hətəmov Ceyhun Nadir oğlu işlədiyi ofisdə zorakılığa və ictimai qaydanı pozan qərəzli hərəkətlərə məruz qalmış, onun sağlamlığına zərər vurulmuş və vəkillik fəaliyyətinə dair konfidensial məlumatların olduğu kompüteri zorla əlindən alınmışdır. Daha sonra kompüterdən onun şəxsi-ailə və vəkillik fəaliyyətinə dair toxunulmaz məlumatlar qanunsuz yolla ələ keçirilmişdir.
Məlum olduğu kimi, " Vəkillər və vəkillik fəaliyyəti haqqında " qanunun 7-ci və 17-ci maddələrinə əsasən vəkil sirrini təşkil edən məlumatlar heç bir halda vəkildən götürülə bilməz. Bu toxunulmazlıq məhkəmə və prokurorluq orqanlarının qərarlarına da şamil edilir. Lakin zorakı hərəkətlərə yol verən şəxslər qanunun bu tələblərinə məhəl qoymamışdır.
Nəticədə bu cinayət hadisəsi ilə bağlı Ceyhun Hətəmov və həmin vaxt " Engin LTD " MMC-nin Hüquq şöbəsinin müdiri işləmiş Əfqan Məmmədov tərəfindən dərhal 102 Qaynar xəttinə məlumat verilmiş və 14.03.2022-ci il tarixində Xətai Rayon Baş Polis İdarəsinin 37-ci Polis şöbəsinə yazılı şikayət təqdim edilmişdir. (Təhqiqatçı - Budaq Budaqlı) . Həmin tarixdə o, təhqiqatçı tərəfindən təyin edilmiş məhkəmə tibb ekspertizası zamanı müvafiq həkim müayinələrindən keçirilmiş və sağlamlığa zərər vurulması faktı barədə ekspert rəyi təhqiqatçıya təqdim edilmişdir. Lakin hər hansı bir əsas olmadan və cinayət prosessual qanunvericiliyin tələbi pozulmaqla təkrar ekspertiza keçirilməsi barədə qərar qəbul edilmiş və iş təkrar ekspertizaya təqdim edilmişdir. Təkrar ekspertiza zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Təkrar Ekspertizalar Şöbəsinin müdiri Fəxrəddin adlı vəzifəli şəxsin süründürməçilik fəaliyyətinə yol verməsi barədə vəkil tərəfindən birliyin direktoru Ədalət Həsənova yazılı və şifahi məlumatlar təqdim edilmişdir. Lakin bu müraciətlərə obyektiv baxılmamışdır. Bununla belə son nəticə etibarı ilə ilkin ekspert rəyi qüvvədə qalmışdır. Hadisənin lap əvvəldən şahidi olan Əfqan Məmmədov tərəfindən araşdırmaya yazılı izahat təqdim edilərək cinayət faktı bir daha təsdiqlənmişdir. Bununla yanaşı hadisənin video görüntüsü və bədən xəsarətlərinə dair foto-şəkillər Ceyhun Hətəmov tərəfindən təhqiqata təqdim edilmişdir. Zor tətbiq edənlər tərəfindən əsassız və qanunsuz əldə edilmiş sənədlər təqdim edilməyə və yalan ifadə verən şahidlər təşkil edilərək məsuliyyətdən yayınmağa cəhd edilmişdir.
Nəticədə təhqiqatçı tərəfindən cinayət işinin başlanılması barədə vəsatət Xətai rayon prokurorluğuna təqdim edilmişdir. Lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokurorluğu tərəfindən cinayət işinin başlanılmasına dair hər hansı tədbir görülmür.
Rüsvayçı hərəkətlərlə törədilmiş bu cinayət faktı ölkəmizdə peşəkar qaydada formalaşdırılmış vəkillik fəaliyyətinin nüfuzuna ciddi xələl gətirir. Hüquq müdafiəçinə qarşı törədilən bu cinayət əməlinə obyektiv hüquqi qiymətin verilməməsi həm də vəkillik institutunun əhəmiyyətinə zərbə vurur və dövlətdaxili məsələlərdə hüququn önəmini zəiflədərək, zor tətbiq edilməsini əsas təsir vasitəsi kimi ölkə ərazisində və ictimai düşüncədə stimullaşdırır. Eyni zamanda bu faktın gizlədilməsi və hər hansı cəzanın tətbiq edilməməsi ölkə rəhbəri tərəfindən həyata keçirilən uğurlu hüquq islahatlarına kölgə salır.
Xətai rayon Prokurorluğu tərəfindən aşkar olaraq törədilmiş bu cinayət faktına obyektiv hüquqi qiymətin verilməməsi təəssüf doğurur və cəmiyyətimizdə insan hüquq və azadlıqlarının sadəcə kağız üzərində olması barədə yanlış təsəvvürlərin yaranmasına səbəb olur. Bu səbəbdən vəkil tərəfindən aidiyyəti qurumlara yazılı müraciət göndərilmişdir.
İnanmaq istərdik ki, Respublika Prokurorluğu, Ədliyyə Naziliyi, Respublika Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman institutu hüquq-mühafizə orqanlarının nüfuzuna xələl gətirən bu yolverilməz faktı diqqətlə araşdıracaq, Xətai Rayon Prokurorluğu tərəfindən obyektivliyin təmin edilməsinə nail olacaq, hüquq müdafiəçisinə - Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvünə qarşı törədilmiş bu rüsvayçı əmələ düzgün hüquqi qiymətin verilməsini təmin edəcək, təqsirli olan şəxslər ciddi cəzalandırılacaqlar.
Qeyd: Redaksiya qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırdır.
“Azpress.az” saytının Hüquq şöbəsi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)