U-17 yığmamız yenə də Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
U-17 yığmamız yenə də Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Rumıniyanın paytaxtı Buxarestdə 17 yaşlı oğlan və qızlar arasında keçirilən güləş üzrə Avropa çempionatında yunan-Romaçıların yarışına yekun vurulub. Sevindirici haldır ki, bu yarışda iştirak edən Azərbaycan komandası uğurla çıxış edərək yeni tarix yazıb. Belə ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında 10 idmançı ilə çempionata qatılan Azərbaycan yığması, həm qazanılan medalların, həm də xalların sayına görə Avropanın birincisi olmaqla, ötənilki uğurunu təkrarlayıb. Yeri gəlmişkən, aktivinə ikisi qızıl, beşi gümüş və biri bürünc əyarlı olmaqla 8 medal yazdıran yığmamız topladığı 175 xalla da hamıdan öndə olub. Xatırladaq ki, yöğmamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda isə 155 xalla birinci olmuşdu. Avropa birincisi olan Azərbaycan yığması 2-3-cü yerləri tutan Gürcüstan və Ukrayna komandasını 66 xal geridə qoyub.
Diqqətçəkən məqamlardan biri də çempionata qatılan 10 güləşçimizdən 8-nin medal qazanaraq fəxri kürsüyə qalxmasıdır. Mükafatçılarımızdan Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) isə yalnız həlledici finalda büdrəyərək, gümüş medal qazanıb. Yığmamızın aktivinə yazılan yeganə bürünc medalın sahibi isə Hüseyn Savadov (45 kq) olub.
Çempionat qızların çıxışı ilə davam edir. Dünən mübarizəyə qatılan 4 qız güləşçimizdən ikisi - Elvina Kərimzadə (43 kq) ilə Ruzanna Məmmədova (49 kq) daha uğurla cıxış edərək, finala çıxıb və ən azından gümüş medalı özlərinə təmin ediblər. Bu gün axşam saatlarında onların final görüşləri keçiriləcək. Daha bir təmsilçimiz - Günay Qurbanovasa (57 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

