İmzalanmış siyasi Bəyənnamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır
Bu xəbəri paylaş
Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Özbək xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Özbəkistan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 02 oktyabr 1995-ci ildə yaradılmış və bu əlaqələrin inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. İkitərəfli münasibətlərin yaranmasında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana səfəri və Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri iki ölkənin münasibətlərinin strateji istiqamətlərini müəyyən etmişdir. Bu səfər zamanı qarşılıqlı imzalanan anlaşmalardan sonra “Biz Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şeyi edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin” deyən Ulu Öndər Heydər Əliyevin bu sözləri iki ölkə arasındakı münasibətlərin yaxınlığından xəbər verirdi. Sonrakı illərdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.
Sevindirici haldır ki, Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycanla Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2004-cü ildə Özbəkistan Respublikasına etdiyi dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyənnamə” iki ölkənin münasibətlərinə rəsmən strateji tərəfdaşlıq qazandırıb. Məhz bunun nəticəsidir ki, rəsmi Daşkənd Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstək nümayiş etdirib.
Ulu Öndərin Özbəkistana etdiyi rəsmi səfərin 25 illiyinə təsadüf edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana 21-22 iyun 2022-ci il tarixində etdiyi rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur. Xüsusilə səfər zamanı iki dövlət arasında imzalanmış Bəyənnamə böyük əhəmiyyət kəsb edir və iki dövlət arasındakı münasibətlərdə tarixi mərhələnin başlandığını göstərir. Məhz Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Özbəkistan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. Xüsusilə gələcəkdə Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında körpü rolunu oynamaqla yanaşı türk coğrafiyasını birləşdirən ən önəmli amil olacaqdır.
Eyni zamanda işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan bərpa və yenidənqurma işlərində də Özbəkistan dövləti yaxından iştirak etmək arzusundadır. Özbəkistan dövlətinin işğaldan azad edilmiş Füzuli şəhərində məktəb binası tikdirmək istəməsi iki ölkə arasında qardaşlığın daha bir göstəricisidir.
Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Özbəkistan arasında mövcud olan çoxəsrlik tarixə malik əlaqələr və qarşılıqlı iradə nəticəsində Azərbaycanla Özbəkistan xalqları bundan sonra daha da yaxınlaşacaqdır.
Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)