Ziyadxan Əliyev: “GÖRÜNMƏZ ADAM”IN SƏNƏT DÜNYASI

Ziyadxan Əliyev: “GÖRÜNMƏZ ADAM”IN SƏNƏT DÜNYASI 

 

Azərbaycan qrafikasının almışıncı illərə təsadüf edən inkişafı və əldə olunan müvəffəqiyyətlərin kökündə bu sahədə ciddi rəqabətin mövcudluğu dururdu, desək, yanılmarıq. Belə ki, həmin dövrdə qrafika ilə Ələkbər Rzaquliyev, Cəmil Müfidzadə, Altay Hacıyev, Nazim Babayev, Yusif Hüseynov, Rafiq Mehdiyev, Maral Rəhmanzadə, Elmas Hüseynov və Elmira Şahtaxtinskaya kimi sənətkarlar məşğul olurdular. Odur ki, əllinci illirin sonlarında təhsilsonrası yerli sənət məkanında özünə yer tutmağa səy göstərən gənc Bəyim Hacızadənin bu sahənin seçilənləri sırasına daxil olması yalnız onun fərdi qrafika estetikası nümayiş etdirməsi qarşılığında mümkün idi. Bu mənada onun dəzgah qrafikasının ifadə vasitələrinə fərqli münasibət bəsləməsi, davamlı olaraq axtarışlar aparması da təbii idi. Bunun əyani nəticələrini Bəyim Hacızadənin elə altmışıncı illər yaradıcılığında izləmək olar...

 

Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyanlardan biri hesab olunan Əzizbala Hacıyevin (1895-1973) ailəsində dünyaya göz açan Bəyim, sonradan rəsm çəkməyə olan həvəsini Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə təhsil almaqla (1945-1950) təsdiqləmişdi. Sonradan onun Sankt-Peterburqdakı (keçmiş Leninqrad) nüfuzlu Baron Ştiqlis adına Rəssamlıq Akademiyasında (keçmiş V.Muxina adına Ali bədii-sənaye məktəbi) oxuması (1951-1957) və qazandığı ilk sənət uğurları təsviri sənət məkanına geniş bədii-texniki potensiala malik yaradıcının gəlişindən xəbər verirdi...

 

Bu yerdə deyək ki, adı və əsərləri o vaxtlardan sənətsevərlərin dilinin əzbərinə çevrilən Bəyim Hacızadə (1927-2017) nədənsə tamaşaçı-sənətsevər ünsiyyətinə meylli olmadığından, çox vaxt sənət məkanında “görünməz” adı ilə tanınardı. O, ömrünün sonuna kimi bu fiziki “görünməz”liyini qoruyub saxladı, desək, yanılmarıq. Əslində həmkarlarının da dərin rəğbətini qazanan qrafika ustasının bu görünməzliyi həm onun sadəliyinin, həm də ailəsinə və emalatxanasına daha çox bağlılığının ifadə idi.

 

Bəyim Hacızadənin əsərlərinin bədii xüsusiyyətlərindən söz açmalı olsaq, onda onun altmışıncı illərdə linoqravür texnikasına müraciətinin özünəməxsus bədii-texniki məziyyətlərlə seçildiyini vurğulamalıyıq. Müxtəlif mövzulu bu linoqravürləri orijinal bədii həllinə görə yalnız sənətkarın müasiri olmuş

 

Ə.Rzaquliyevin “Köhnə Bakı” silsiləsi ilə müqayisə etmək mümkündür.
Müəllifin bu orijinallığı ilk növbədə onun həyata yeni baxışında ifadə olunmuşdu. Öz növbəsində bu yeniliyi rəssamın ənənəviləşən mövzulara fərqli baxış nöqtəsindən nəzər yetirməsi, motivləri duyulası stilizə və ümumiləşdirmələrlə təqdim etməsi şərtləndirirdi. Onun əksər əsərlərini səciyyləndirən ifadəli siluet və bədii ritmin axıcılığı, cizgi qənaətcilliyi və rəng lakonikliyi zamansızlığa qovuşduğu birmənalı olan qədim miniatür üslubu estetikasından qaynaqlandığından, müxtəlif süjetli əsərlərinin cəlbediciliyi elə ilk baxışdan duyulan olmuşdur. Kağız səthinin ağlığından təsiredici vasitə kimi istifadə edən rəssam, forma-biçim improvizələri ilə təqdim etdiyi təsvirlərin qabarıqlığını əldə etməklə, həm də görüntülərin monumentallığına nail ola bilmişdir. Bu da milli qrafika sənətində əvvəllər müşahidə olunmayan bədii şərh yeniliyi sayılmalıdır.

 

Ani baxışla belə onun yaradıcılığında uşaq dünyasının qabarıq yer tutduğunu demək mümkündür. O, bu mövzuya müxtəlif illərdə müraciət etsə də, məhz belə çoxsaylı əsərlər vasitəsilə uşaqların təbiətə münasibətini, onların dünyanı dərkini, yaradıcılıq sevincini, nəsillərin varisliyini, insanların bir-birini anlamasını və dünya dəyişkənliyini həm cəlbedici, həm də düşündürücü-fəlsəfi tutumda bədiiləşdirə bilmişdir.

 

Bəyim Hacızadənin linoqravüra texnikasına münasibəti kifayət qədər özünəməxsus olmuşdur. Belə ki, onun əsərlərində bu texnikanın yeni və digərlərindən fərqli ifadə potensialını müşahidə etmək mümkündür. Süjetli kompozisiyalardan və portretlərdən ibarət olan bu lövhələrdə qrafik cizgilərin poetik-axıcı, bir qədər də duyğulandırıcı tutum alması kifayət qədər qabarıq görünür.
Altmışıncı illərdə “Yay” silsiləsi ilə uşaq aləminə əhatəli nəzər salan B.Hacızadə, yetmişinci illərdə sonralar da davam etdirəcəyi bir-neçə silsilənin başlanğıcını qoymuşdur. “Böyük dünya” “Sevinc”, “Uşaq bağçası”, “Birinci sinif”, “Məktəb” və “Tətil” silsilələri əslində uşaq dünyası haqqında bədii salnamə təəssüratı oyadır. Bura daxil olan “Kitablar”, “Şifahi hesablama”, “Musiqi”, “Əlifba”, “Sahil”, “Yelləncək”, “Top”, “Şəkil çəkən qız”, “Qış” və s. lövhələrini də dediklərimizin təsdiqi saymaq olar. Onların bədii həllində rəssamın dəst-xətti üçün səciyyəvi olan geniş bədii ümumiləşdirmə, şərti-rəmzi bədii həll görünməkdədir...

 

Bəyim Hacızadənin “Qış” və “Yay” silsilələrindən olan “Zəfəran”, “Cırcırama”, “Zəncirotu”, “Akvarium” və əsərlərində gözümüzdə adiləşən həyatı motivlərə nüfuzedici bədii rəssam münasibəti mövcuddur. O, ağ-qara cizgilərlə ifadə olunmuş əsərlərində təbiətlə körpələrin təmasını əks etdirməklə bərabər, dünyanı dərk etməyin sevincini, canlılar aləminin vəhdətini, bir-biri ilə qırılmaz tellərlə bağlılığını özünəməxsus tərzdə tərənnüm etmişdir. Geniş bədii ümumiləşdirmələrlə təqdim olunmuş müxtəlif motivlərin zamansızlığa qovuşmasının nəticəsidir ki, onlardakı məna-məzmun daşıyıcılığı tamaşaçısı üçün cəlbedici olmaqla yanaşı, həm də duyğulandırıcıdır. Yığcam ifadə vasitələri ilə gerçəkləşmiş lövhələrdəki emosionallığın - yaşantı və ovqatın qabarıqlığının da yüksək müəllif sənətkarlığı əldə olunduğu birmənalıdır...

 

Qrafika sahəsində yaratdığı özünəməxsus şərhli linoqravürləri ilə tanınan Bəyim Hacızadənin də yaradıcılığında inandırıcılığı ilə seçilən bədii stilizələrin çox maraqlı nümunələrinə rast gəlinir. Kağız üzərindən “boylanan” görüntülərin bəzən vərəqə sığışmayan təqdimatı, təsvirlərin monumentallığını şərtləndirən duyulası lakonikliyi həm də cizgi incəliyinə bələndiyindən cəlbedici qəbul olunur. Onun açılışı 1985-ci ildə Bakıda baş tutan ilk fərdi sərgisində görkəmli qrafika ustasının özünəməxsus yaradıcılıq potensialına malik olduğunu görmək olardı. Burada nümayiş olunan otuzdan çox əsərlər arasında müəllifin müxtəlif silsilələrindən seçmələr üstünlük təşkil edirdi. Müəllifin 1988, 2004 və 2008-ci illərdə təşkil olunan fərdi sərgilərində də müəllifin yüksək qrafik mədəniyyət nümayişinə şahidlik etmək mümkün idi.

 

Qeyd etmək lazımdır ki, Bəyim xanımın altmış ili əhatə edən yaradıcılığı təkcə qrafik əsərlərin yaradılması ilə məhdudlaşmır. Onun gerçəkliyə münasibətini özündə yaşadan rəngkarlıq əsərləri və mozaikalar da dediklərimizi təsdiqləyir. Bu mənada müəllifin hələ “Əzimzadə məktəbi”ndə oxuyarkən çəkdiyi “Qəhrəmanla görüş” əsəri, eləcə də “Şairə Xurşudbanu Natəvanın portreti”, “Yay”, “Nəsirəddin Tusinin portreti”, Ömrün sonuncu dəqiqələri”,“Abşeronda bağ”,”Akvarium”, “Qorxmaz” və “Futbolçu” tabloları, “Yatmış uşaq və”Analıq” mozaikalarının özünəməxsus estetikaya malik olduğunu deyə bilərik.
Sonda deyək ki, onun əsərləri sovet dönəmində və müstəqillik illərində onlarla xarici ölkədə Azərbaycan təsviri sənəti sərgisində uğurla nümayiş etdirilmişdir. O, sənətdə nümayiş etdirdiyi yüksək sənətkarlığa görə “Azərbaycanın Əməkdar rəssamı” fəxri adına (1988) layiq görülmüşdür. Azərbaycan qrafika sənəti saxlancına verdiyi töhfələrə görə ona 2001-ci ildə “Humay” Milli mükafatı verilmişdir. Rəssam həm də “Xocalı” rəsm müsabiqəsinin (2011) laureatı olmuşdur.

P.S. Yazı "Mədəniyyət" qəzetinin 24 iyun tarixli sayında çap olunub.

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020